Pərdis Fərcad-Azad: "Özümü kimə sübut etməliyəm?"

Pərdis Fərcad-Azad: "Özümü kimə sübut etməliyəm?" Bakı. 19 avqust. REPORT.AZ/ Bu nəticədən bir qədər məyus olduq. Çünki 2:0 hesabı ilə öndə olduğumuz halda, uzatma dəqiqələrində qol buraxaraq, bir xalla kifayətləndik. Bu, insana bir qədər pis təsir edir. Amma bu, futboldur. Pis oynamadıq, amma təcrübəsizlik öz sözünü dedi.
Futbol
19 Avqust , 2018 00:23
Pərdis Fərcad-Azad: Özümü kimə sübut etməliyəm?

Bakı. 19 avqust. REPORT.AZ/ "Bu nəticədən bir qədər məyus olduq. Çünki 2:0 hesabı ilə öndə olduğumuz halda, uzatma dəqiqələrində qol buraxaraq, bir xalla kifayətləndik. Bu, insana bir qədər pis təsir edir. Amma bu, futboldur. Pis oynamadıq, amma təcrübəsizlik öz sözünü dedi".

"Report" xəbər verir ki, bunu "Zirə"nin futbolçusu Pərdis Fərcad-Azad evdə "Keşlə" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının II tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 30 yaşlı yarımmüdafiəçi bildirib ki, son anda qələbəni əldən vermələri onun motivasiyasına təsir etməyəcək: "Bu, "Zirə"də birinci oyunum idi. İnanıram ki, bundan sonra daha da artıracaq və daha yaxşı formada olacağıq. Komandamız indi də yaxşı vəziyyətdədir. Bir neçə zədəlimiz də var. Onların da dönüşündən sonra daha yaxşı çıxış edəcəyik".

Keçmiş komandası "Keşlə" ilə oyunda hamıdan istəkli olması fikri ilə razılaşan Fərcad-Azad "Özümü yandırmaq istəmirdim. Keçmiş klubuma qarşı oynasam da, "Keşlə"də dostlarım çıxış edir. Orada yaxşı mövsüm keçirmişik, Azərbaycan Kubokunu qazanmışıq. Amma dostlara qarşı çıxış etdikdə insan daha istəkli olur. "Keşlə"yə uğurlar arzulayıram" deyib.

O, meydana özünü sübut etmək istəyi ilə çıxmadığını da əlavə edib: "Hamı məni tanıyır. Özümü kimə sübut etməliyəm? Heç kimə özümə sübut etməyim lazım deyil. Hazırda "Zirə"də oynayıram, baş məşqçimiz Ayxan Abbasov mənə güvənir. Çox şadam ki, belə bir mütəxəssisin rəhbərliyi altında çalışıram. Onunla yaxşı yola gedirəm və bundan da yaxşı olacağıma inanıram".

Fərcad-Azadın sözlərinə görə, "Keşlə"dən müqavilə müddəti başa çatdığı üçün ayrılıb: "Bu barədə çox danışmaq istəmirəm. Hazırda "Keşlə"nin yox, "Zirə"nin oyunçusuyam. Yalnız irəli baxıram. "Keşlə"ni ümumiyyətlə fikirləşmirəm. Bu, keçmişdə qaldı. Heç bir incikliyim də yoxdur. Keçmiş komandama ən yaxşı arzularımı diləyirəm. Hazırda yalnız "Zirə"nin uğurlarını düşünürəm".

Təcrübəli oyunçu "Zirə"nin çempionatdakı hədəflərindən də danışıb: "Çətin çempionatdır, komandaların hamısı eyni səviyyədədir. Sabah nələrin olacağını hələ demək olmur. Daha yaxşı nəticələr əldə edərək, avrokuboklara vəsiqə qazanmaq istəyirik".

Ön xətt oyunçusu ilk yarıda "Keşlə"nin qapıçısı Kamran Ağayevlə yaşadığı epizoda isə belə aydınlıq gətirib: "Bu, bir zarafat idi. O məni, mən onu tanıyıram. Bir yerdə çıxış etmişik. Zarafat edirdik".

Qeyd edək ki, Pərdis Fərcad-Azad komandasının ikinci qolunun müəllifi olub.

Taleh Cəfərli

Son xəbərlər

Orphus sistemi