Yuxarı
    Bağlamaq

    Nizami Hacıyev: "İnter"i məhv etdilər" - MÜSAHİBƏ

    Milli komandaya dəvət almağım real deyil

    Bakı. 27 yanvar. REPORT.AZ/ Bakı. 27 yanvar. REPORT.AZ/ Bakının "İnter" klubunun futbolçusu Nizami Hacıyevin "Report"a müsahibəsi

    - Fasilə başa çatdı və Premyer Liqada 2017-ci ilin ilk oyununu "Kəpəz"ə qarşı keçirəcəksiniz. İlin ilk rəsmi oyunu öncəsi "İnter"də vəziyyət necədir?

    - Hazırlıqlar normal keçib və artıq başa çatıb. İndi oyunun başlanma saatını gözləyirik. Bilirəm ki, "Kəpəz"ə qarşı çətin oyun keçəcək. Ümumiyyətlə çempionatda dövrənin ilk oyunu həmişə çətin keçir. Hər iki komanda 3 xal qazanmaq istəyir. Bu baxımdan, düşünürəm ki, mübariz və baxımlı oyun olacaq.

    - FİFA tərəfindən qoyulan qadağaya görə "İnter" heyətini gücləndirə bilmədi. Əksinə, iki futbolçu komandadan getdi. Xüsusən, Ruslan Abışovun gedişi komandaya necə təsir edəcək?

    - İndi Ruslan Abışovun meydanda unutmuşuq. Komandadan gedib, biz onun yerini doldurmuşuq. Futbolçular çalışacaq ki, yaxşı oynasın və özünü göstərsin. Transfer qadağası da bizim taleyimizə yazılıb. Seçim Ruslanın idi, o da belə qərar verdi.

    - Turnir cədvlindəki ən yaxın qonşunuz "Qəbələ" ilə 6 xallıq fərq var. Çempionatın qalan hissəsində bunu aradan qaldırıb ilk iki pillə uğrundan mübarizə aparmaq olar, yoxsa 3-cü yer də "İnter" üçün yaxşıdır?

    - Ümumiyyətlə, mövsümün əvvəlində qarşımıza ilk "3-lük" hədəfi qoyulmuşdu. Amma bu gün fikirləşirsən ki, bir az da irəli addımlamaq olar. Bizim sponsorun, maaşın olub-olmamasının dəxli yoxdur. 6 xal elə də böyük deyil. Sadəcə, məğlub olmamaq lazımdır.

    - Sponsor məsələsinə toxundunuz. Deyəsən, Azərbaycan Beynəlxalq Bankı ilə problemlər var...

    - Bəli, var.

    - Bank imtina etdi?

    - Bəli.

    - Hazırda kluba kim sponsorluq edir?

    - Hazırda "İnter"ə komanda yoldaşımız Mirhüseyn Seyidov sponsorluq edir. Kafedən dönər gətirir (gülür - R.Ə.). Zarafat bir yana, yemək-içməyimiz yerindədir. Necə var, elə də davam edirik. Sadəcə, əmək haqqı borcu qalıb.

    - Hansı aylar ödənilməyib?

    - Dekabr və yanvar ayları. Artıq yanvarın bitməsinə 2-3 gün qalıb, ay yekunlaşır. Deyirlər ki, fevralda pullar veriləcək, maaşımız hazırdır. Hələ də gözləyirik.

    - Rəhbərliklə bu barədə söhbətiniz olub?

    - Bankın yeni nümayəndələrini görməmişəm. Onlara futbol maraqlı deyil. Heç bilmirəm də kimlərdən ibarətdirlər. Klub prezidenti Azər Əliyevlə tez-tez görüşürük. Amma sponsorları görməmişəm.

    - Sponsor klubdan nə vaxt imtina edib?

    - Təxminəmn bir həftə olar. Sona qədər yaxşı olacağını düşünürdüm. Amma gördüm ki, elə deyil. Allah şahiddir ki, vəziyyətin necə olacağını bilirdim. Üstəlik, Ruslan Abışovla Ağabala Ramazanovun klubdan getmələri də rəhbərliyin səhvidir. Hər şeyi həll edib, danışmışdıq. Sadəcə, "İnter"i məhv etdilər.

    - Bəlkə "İnter" üçün daha yaxşı sponsor düşünülür?

    - Əgər belə adam varsa, Allah onun köməyi olsun, balasını saxlasın. Ancaq inanmıram. İnanmıram ki, kiminsə "İnter"i dağıtmağa gücü çatsın. Amma necə yaşayacağını bilmirəm. Bir müddət əvvəl də yadınızdadırsa, klubda pis vəziyyət idi. Amma yenisi gələndən sonra hər şey dəyişdi.

    - Bəs Nizami Hacıyevin özü necə, "İnter"dən getməyi planlaşdırır?

    - Hara gedim? Gedib, hardasa 5-6 min qazanım, amma "İnter" burada pis vəziyyətdə qalsın? Olmaz axı..

    - Klub uçuruma gedirsə, o zaman...

    - Son olsa, başqa variant olmasa, bu, başqa məsələdir. Mən sona qədər "İnter"dəyəm. Çünki damarımda "İnter"in qanı axır. Lazım olsa, meydanda tək döyüşəsi olsam belə. Çünki "İnter"də mən çox şeyə nail olmuşam.

    - Milli komanda ilə bağlı nə düşünürsünüz?

    - Milli ilə bağlı nə deyim? Mənim üçün milli söhbəti bağlanıb. Heç təklif də gözləmirəm.

    - Çağırılacağınıza ümid yoxdur?

    - Ümid həmişə var. Amma bu, real deyil. Özüm-özümü niyə aldadım? Çağırmırlarsa, özləri bilərlər. Baş məşqçi Robert Prosineçki özü demişdi ki, Nizami Hacıyev pis futbolçu deyil, amma yaxşı da deyil.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi