Yuxarı

Nikola Yurçeviç: "Hesabı bərabərləşdirə bilərdik, təəssüf ki, istifadə edə bilmədik"

Nikola Yurçeviç: "Hesabı bərabərləşdirə bilərdik, təəssüf ki, istifadə

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç Slovakiya yığmasına səfərdə 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə mərhələsinin oyunundan sonra mətbuat konfransı keçirib.

"Report"un oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb:

- Slovakiya yığmasını layiqli qələbə münasibəti ilə təbrik edirəm. Bu qələbə onlar üçün yetərli olmadı və indi Avropa çempionatına çıxmaq üçün Millətlər Liqasında mübarizə aparacaqlar. Xeyli problemlərimiz var idi. Zədəlilərdən savayı, Eddi İsrafilov da fasilədə əvəzlənməsini istədi. İkinci hissədə Elvin Camalov meydana daxil oldu və fikrimcə, yaxşı oynadı. İlk 45 dəqiqədə topa nəzarət edə bilmirdik. Fasilədən sonra oyunumuz daha yaxşı alındı. Hətta 82-ci dəqiqədə hesabı bərabərləşdirə bilərdik. Təəssüf ki, istifadə edə bilmədik. Ardınca isə biz qol buraxdıq. Hər şeyə görə, təşəkkür edirəm.

- Şəhriyar Rəhimovun hansı xüsusiyyəti sizi cəlb edir ki, hər dəfə milliyə cəlb edirsiniz?

- Onun taktiki keyfiyyətləri məni razı salır. Şəhriyar Slovakiyaya qarşı oynamağa liayiq idi.

- İsrafilov nə ilə yadda qaldı: Nəzərə alsaq ki, o, toplanışa yalnız dünən qoşulub, Bu, düşərgədə olan futbolçulara qarşı haqsızlıq deyil?

- Sizi anlayıram, amma o, fiziki baxımdan ən yaxşılar sırasındadır. Ancaq fasilədə özü müraciət edib bildirdi ki, emosional baxımdan özünü pis hiss edir və onu əvəzləməli olduq.

- Fasilədən dərhal sonra Renat Dadaşovu meydana buraxmaq daha yaxşı olmazdımı? Emin Mahmudova nəyə görə son iki oyunda da şans tanımadınız?

- Hər dəyişikliyi izah etməli olsaq, çox vaxt gedər. Fasilədə əvəzetmə etmək fikrində deyildik. Emini də oyuna salmaq istəyirdim. Hətta ona taşırdım ki, hazırlaşsın. Ancaq oyunun gedişatı Təmkin Xəlilzadəyə daha böyük zərurət yaratdı. Eminə ən azı 30 dəqiqə şans vermək niyyətində idim, amma fasilədəki əvəzetmə bu planları təxirə saldı.

- Bu seçmə mərhələni bir cümləylə necə ifadə edə bilərsiniz?

- Ətraflı təhlil üçün 2-3 həftəlik zamana ehtiyac var. Bir xalla mən də xoşbəxt deyiləm. Ancaq razı qaldığım odur ki, milliyə xeyli gənc futbolçu gəldi. Keyfiyyətli rəqiblərlə oynadıq, bir çoxunda xala yaxın olduq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi