Nika Sandoxadze: "Təəssüf ki, yaratdığımız imkanlardan yararlana bilmədik"

Nika Sandoxadze: "Təəssüf ki, yaratdığımız imkanlardan yararlana bilmədik" "Bu, əsl "Samtredia" deyil"
Futbol
19 İyul , 2017 10:10
Nika Sandoxadze: Təəssüf ki, yaratdığımız imkanlardan yararlana bilmədik

Bakı. 19 iyul. REPORT.AZ/ "Oyun çətin keçdi. Biz güclü komandaya qarşı oynayırdıq. Uşaqlar əllərindən gələni ortaya qoymaq üçün hər şey etdilər. Təəssüf ki, yaratdığımız imkanlardan yararlana bilmədik. Nəticədə uğursuzluğa düçar olduq. Sağ olun ki, gəldiniz. Amma artıq diqqətimizi ölkə çempionatına yönəltməliyik".

"Report"un məlumatına görə, bunu Gürcüstanın "Samtredia" klubunun futbolçusu Nika Sandoxadze "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.

23 yaşlı müdafiəçi bildirib ki, bu, əsl "Samtredia" deyil: "Bizim maksimumumuz da, potensialımız da var. Amma bu gün əlimizdən gələni etdik. Uşaqlar sonadək vuruşdular. Bu mənada, çox şadam".

Sandoxadze "Samtredia" ilə "Qarabağ"ın maliyyə imkanları arasında böyük fərqin olduğunu xatırladıb. O, ilk görüşdə hakimin mübahisəli qərarlarına da diqqət çəkib: "Heç vaxt hakimin qərarlarını müzakirə etməmişəm. Amma fikrimcə, ilk görüşdə mübahisəli vəziyyətlərdə qərarlar Azərbaycan komandasının xeyrinə çıxarıldı. Fikrimcə, bizim də səhvlərimiz var idi və reallığı qəbul etməliyik".

Gənc oyunçunun fikrincə, 0:5 hesablı məğlubiyyətdən sonra cavab oyununa motivasiya olunmaq çətindir: "Bu, nüfuz matçı idi. Bilirdik ki, sadiq azarkeşlərimiz, ailəmizin üzvləri gələcəklər. Biz də onlar üçün oynadıq".

Qeyd edək ki, "Qarabağ"ın növbəti rəqibi bu axşam Albaniyada "Kukesi" ilə Moldova "Şerif"i arasında keçiriləcək Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra müəyyənləşəcək. İlk matçda "Şerif" qalib gəlib - 1:0.

Son xəbərlər

Orphus sistemi