Nigeriyalı hücumçu "Qəbələ"ni dünya çempionatında iştirak niyyəti ilə tərk edib

Nigeriyalı hücumçu "Qəbələ"ni dünya çempionatında iştirak niyyəti ilə tərk edib "Rusiyaya yollanma şansımı artıracaq kluba keçmək niyyətindəyəm"
Futbol
30 Yanvar , 2018 09:49
Nigeriyalı hücumçu Qəbələni dünya çempionatında iştirak niyyəti ilə tərk edib

Bakı. 30 yanvar. REPORT.AZ/ Qış fasiləsində "Qəbələ" klubundan ikinci dəfə ayrılan futbolçu Ekiqo Ehiosun Nigeriya milli komandası ilə 2018-ci il dünya çempionatında iştirak etmək istəyir.

"Report" xəbər verir ki, "Score Nigeria" nəşri 28 yaşlı hücumçunun Azərbaycan klubu ilə müqaviləni uzatmaqdan imtina etdiyini və iyunda Rusiyada keçiriləcək mundiala qatılmaq niyyətində olduğunu yazıb. Ehiosunun keçmiş klubu Türkiyə "Samsunspor"unun ona maraq göstərənlər sırasında yer aldığı bildirilir. Eyni zamanda Rumıniya, Qətər, CAR və Səudiyyə Ərəbistanından olan komandalar da azad agent statuslu oyunçunu heyətlərinə cəlb etməkdə maraqlıdırlar.

Təcrübəli forvard deyib: "Milliyə cəlb olunmağım hansı kluba keçəcəyimdən asılıdır. Dünya çempionatına yollanmaq istəyirəm. Buna nail olmaq üçün yenidən meydanlara qayıtmalıyam. Rusiyaya yollanma şansımı artıracaq kluba keçmək niyyətindəyəm. Mənim yığmada yarımçıq işlərim qalıb. Onu başa vurmaq üçün Nigeriya millisinə qayıtmalıyam. Belə şansı bir daha nə vaxt yaxalayacağımı gözləyə bilmərəm. İnanıram ki, yaxın günlərdə seçim edəcəyim kluba qoşula biləcəyəm".

Qeyd edək ki, Ekiqo Ehiosun Nigeriya millisində 2011-ci il fevralın 9-da Syerra-Leone ilə yoldaşlıq görüşündə debüt edib. O, komandasının 2:1 hesabı ilə qalib gəldiyi oyunda qol vurub. Sonradan hücumçu daha 5 dəfə milli forma geyinib. Bu, Ehiosunun Türkiyə "Gənclərbirliyi"ndən "Qəbələ"yə icarəyə verildiyi 2014-cü ilin iyulunadək baş verib. 2015-ci ilin iyulunda o, "Samsunspor"a yollansa da, ötən il sentyabrın 21-də "qırmızı-qaralar"la 1 illik müqavilə bağlayıb. Lakin bu il yanvarın 4-də "Qəbələ" nigeriyalı forvardla yollarını ayırıb. 

Son xəbərlər

Orphus sistemi