Yuxarı
    Bağlamaq

    ​"Neftçi"nin futbolçuları Monteneqrodan qələbə ilə dönəcəklərinə inanırlar

    İlk 15 dəqiqə ərzində qol vura bilsək, bu, əla olacaq

    Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycanı futbol üzrə Avropa Liqasında təmsil edən "Neftçi" klubu sabah Monteneqroda "Mladost"la I təsnifat mərhələsinin cavab görüşünə çıxacaq. "Report"un məlumatına görə, flaqman qitə miqyaslı yarışlarda 2 illik uğursuzluq sindromunu qırmağa çalışacaq.

    İlk və sonuncu dəfə 2012-ci ildə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış "ağ-qaralar" sonrakı mövsümlərdə Çempionlar Liqasının II təsnifat mərhələsində "Skenderbeu" (Albaniya), Avropa Liqasının "pley off" mərhələsində isə "Partizan" (Serbiya) səddini keçə bilməyib. "Neftçi" 3 il öncəki nailiyyətini Samir Əliyevlə davam etdirmək üçün Monteneqrodan ya qələbə, ya da 2:2-dən böyük hesablı bərabərliklə dönməlidir.

    Əvvəlki mövsümlərlə müqayisədə, paytaxt klubunun heyətində dəyişiklər olub və gənc futbolçular üstünlük təşkil edir. Buna baxmayaraq, komanda üzvləri mərhələ adlayacaqlarına inanırlar. Xorvatiya "Hayduk"unda icarə müddətini başa vuraraq, "Neftçi"yə qayıtmış Ruslan Qurbanovun klubun rəsmi saytına verdiyi açıqlamada II təsnifat mərhələsinə yüksələcəklərinə inam ifadə edib: "Asan oyun olmur. Amma, mərhələni məhz "Neftçi"nin adlayacağına inanıram. Biz Monteneqroya elə-belə gəlməmişik. "Mladost" yəqin ki, müdafiədən oynayacaq. Çunki nəticəni düşünəcəklər. İlk 15 dəqiqə ərzində qol vura bilsək, bu, əla olacaq. Amma tələsməməliyik. İstənilən halda imkanlarımız olacaq. Səbrlə oynayıb imkanlarımızdan yararlanmağa çalışmalıyıq. Düşünürəm ki, bizim mərhələ adlamaq şansımız daha çoxdur".

    Dünən səhər saatlarında Heydər Əliyev adına Hava Limanından yola düşən bakılılar günün ikinci yarısında oyunun keçiriləcəyi məkana çatıblar. Komanda artıq Podqoritsada yerləşən "Qradski" stadionunda məşqə də çıxıb. Heyətdə yer alan bütün üzvlər kimi ispaniyalı müdafiəçi Melli də iyulun 9-da keçiriləcək qarşılaşmada qələbə qazanacaqlarına ümidlidir: "Bizi çətin oyun gözləyir. İlk növbədə qol buraxmamağa çalışmalıyıq. Müdafiədə ağıllı oynayıb, sadə səhvlər etməməliyik. Çünki qol vurmaq üçün şanslarımız olacaq. Qapımızın toxunulmazlığını qoruyub, əlimizə düşən imkanların birindən yararlansaq, bu, bizə mərhələ adlamağa kifayət edəcək".

    Qeyd edək ki, "Mladost" - "Neftçi" matçının başlama saatında dəyişiklik olub. Öncədən Bakı vaxtı ilə 20:00-da start götürəcəyi açıqlanmış görüş isti hava şəraiti ilə əlaqədar saat 23:30-a keçirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi