"Neftçi"nin vitse-prezidenti: "Klublar əməkdaşlıq, bəzi layihələrin tətbiqi məqsədilə bir araya gəlməlidir"

"Neftçi"nin vitse-prezidenti: "Klublar əməkdaşlıq, bəzi layihələrin tətbiqi məqsədilə bir araya gəlməlidir" "Tək bir klubla bunu ortaya qoymaq mümkün deyil"
Futbol
9 Dekabr , 2014 18:20
Neftçinin vitse-prezidenti: Klublar əməkdaşlıq, bəzi layihələrin tətbiqi məqsədilə bir araya gəlməlidir

Yeni yaradılan Klublar Komitəsində "Neftçi"ni vitse-prezident Elnur Məmmədov təmsil edəcək. Bu barədə "Report"a E.Məmmədovun özü məlumat verib.

Onun sözlərinə görə, AFFA prezidenti Rövnəq Abdullayevin əmri ilə yaradılan yeni qurumda klublarda idarəedici funksiyanı yerinə yetirən şəxslər təmsil olunacaqlar: "Klub prezidenti Sadıq Sadıqovun təsdiqi ilə toplantıda "Neftçi"ni mən təmsil edəcəyəm. İclaslarda müəyyən məsələlər işçi qaydada müzakirə ediləcək, sonra isə hər hansı təklifi AFFA rəhbərliyi və ya İcraiyyə Komitəsi qarşısında qaldıra bilərik".

E.Məmmədov Klublar Komitəsindən gözləntilərini də açıqlayıb: "Mən bu komitədən çox şey gözləyirəm. Çünki klublar birgə əməkdaşlıq, bəzi layihələrin tətbiqi məqsədilə bir araya gəlməlidirlər. Tək bir klubla bunu ortaya qoymaq mümkün deyil. Bir misal çəkim: AFFA-da infrastruktura cavabdeh şəxs və lisenziyalaşdırma üzrə ekspert olduğum vaxt klubların birgə qərarı ilə Tovuz şəhər stadionuna süni örtük döşəndi. Bu, klublar tərəfindən maliyyələşdirilən böyük layihə idi. Nəticəsi o oldu ki, Azərbaycan futbolu qazandı. Bu gün həmin meydanda xeyli uşaq məşğul olur, Tovuza səfər edən hər hansı komanda isə yaxşı örtük üzərində oynayır. Biz "Turan-Tovuz"la Azərbaycan Kubokunda da qarşılaşa bilərdik. O halda oyunumuzu belə meydanda keçirəcəkdik. Klublarımız Avropanın tanınmış komandalarında çıxış etmiş legionerlər gətirirlər. Onlar bərbad meydanda oynadıqda zədə alma ehtimalları artır. Bu da gələcəkdə futbol bazarımıza, yüksək səviyyəli legionerlərin Azərbaycan Premyer Liqasında oynamalarına mənfi təsir edə bilər".

Əsas məqsədlərinin yerli futbolçular yetişdirmək və onları inkişaf etdirməkdən ibarət olduğunu deyən "Neftçi" rəsmisi bildirib ki, yüksək səviyyəli legionerlər də futbolun inkişafında xüsusi rola malikdirlər. E.Məmmədov Klublar Komitəsinin sabaha nəzərdə tutulan ilk iclasının tanışlıq xarakteri daşıyacağı qənaətindədir: "Mən həm də UEFA-da komitə üzvüyəm. Ona əsasən, deyə bilərəm ki, ilk belə toplantılar tanışlıq xarakterli olur. İclasda komitənin fəaliyyət istiqamətlərinin və vektorlarının müəyyənləşdirilməsi prosesi baş verir. Sonrakı məsələlər isə seçkilərin keçirilməsi, strukturun formalaşdırılması və ayda bir dəfə yığışaraq, müəyyən məsələlərin müzakirəsindən ibarət olur". 

Son xəbərlər

Orphus sistemi