"Neftçi"nin prezidenti: "Avropa Liqasındakı bu faciə bir daha təkrarlanmamalıdır" - MÜSAHİBƏ

"Neftçi"nin prezidenti: "Avropa Liqasındakı bu faciə bir daha təkrarlanmamalıdır" - MÜSAHİBƏ Budapeşt. 20 iyul. REPORT.AZ/ Ağır, üzücü məğlubiyyətdir. Bərabər səviyyədə keçən oyunu təhlil etmək asandır. Amma bu görüşdə komanda özünə oxşamırdı. Nə olub - bunu biz araşdıracağıq. Tezliklə bu ab-havadan çıxmalıyıq.
Futbol
20 İyul , 2018 10:17
Neftçinin prezidenti: Avropa Liqasındakı bu faciə bir daha təkrarlanmamalıdır - MÜSAHİBƏ
0 : 00
0 : 00

Budapeşt. 20 iyul. REPORT.AZ/ "Ağır, üzücü məğlubiyyətdir. Bərabər səviyyədə keçən oyunu təhlil etmək asandır. Amma bu görüşdə komanda özünə oxşamırdı. Nə olub - bunu biz araşdıracağıq. Tezliklə bu ab-havadan çıxmalıyıq".

"Report"un məlumatına görə, bunu "Neftçi" klubunun prezidenti Kamran Quliyev Macarıstanın paytaxtı Budapeştdə UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında "Uypeşt"ə 0:4 hesablı məğlubiyyətdən sonra deyib.

Bakıda 3:1 hesabı ilə qalib gəlməyinə rəğmən, səfərdə 4 cavabsız qolla məğlub olan paytaxt təmsilçisi avrokubokda mübarizəni dayandırıb. Paytaxt klubunun rəhbəri deyib ki, Azərbaycan Premyer Liqasında yeni mövsümün başlamasına 20 gün qalıb. Ona görə də komanda öz üzərində işləməlidir: "Neftçi" psixoloji baryeri keçməlidir. Hamıya təsir edir. Bəlkə də, ilk görüşdə 3:1 hesabı ilə qalib gəlməsəydik və yaxud heç-heçə qeydə alınsaydı, başqa cür olardı. Sanki komanda bura arxayın gəlmişdi və rəqib də güclü müqavimət göstərdi. Bir balaca arxayınçılığın olduğu hiss edilirdi. İlk 20 dəqiqədə hər şey normal gedirdi. Amma buraxılan qollar komandanı "sındırdı".

- Matçın Bakı vaxtı ilə saat 23:00-da başlaması və ya komandanın Macarıstana bir qədər gec gəlməsi nəticəyə təsir edə bilər?

- Qətiyyən. Yenı deyirəm, komanda bura arxayın gəlmişdi. Kollektiv özünü mərhələni keçmiş kimi hiss edirdi. Avropada belə şeylər bağışlanmır. Qitə miqyaslı yarışlardakı rəqiblər xırda bir səhvə görə sizi cəzalandıra bilərlər.

- Cavab matçındakı taktiki dəyişikliklər sizin üçün gözləniməz olmadı ki? Hətta rəqibin baş məşqçisi də bu dəyişikliyi gözləmədiyini söylədi...

- Taktiki məsələləri sırf məşqçi mütəxəssislər təhlil etsələr yaxşı olar. Mən oyuna başqa rakursdan baxıram. Komanda psixoloji cəhətdən arxayın gəlmişdi. Mənim üçün məğlubiyyətin ilk növbədə səbəbi budur.

- Amma komandanın arxayın olmaması üçün baş məşqçi var...

- Təbii ki, bunun üçün məşqçilər korpusu var. O cümlədən biz hamımız. İdarəetmədə vəziyyətdən çıxmağın iki yolu var. Bir yol - biz səbəbkar tapmalıyıq. Kimi və ya kimlərisə. İkinci yol isə səhvləri tapıb, üzərində işləmək və onları bir daha təkarlamamaqdır.

- Vəziyyəti düzəltmək üçün hərə öz tərəfindən nə edəcək?

- Təbii ki, komanda ilə görüş, məşqçilərin hesabatı olacaq. Onlarla, komanda ilə ciddi söhbət edəcəyik. Avropa Liqasındakı bu faciə bir daha təkrarlanmamalıdır. Çempionatda yolumuz uzundur. Rəqiblərin "Neftçi"yə qarşı necə hazırlaşdığını özünüz bilirsiniz. Komandanın bu faciədən nəticə çıxaracağına inanmaq istəyirəm.

- Bir az da olsa, baş məşqçi Roberto Bordinin kreslosu laxladı?

- Qətiyyən. Bir məğlubiyyətlə necə laxlaya bilər?

- Amma necə məğlubiyyətlə...

- Ağır məğlubiyyət tək Bordinin yox, dünya səviyyəsində tanınmış məşqçilərin də başına gəlir. Hamı üçün üzücüdür, ağırdır. Amma özümüzdə güc tapmalıyıq. Hansısa ağır məğlubiyyətdən sonra əlimizi yanımıza salmağa ixtiyarımız yoxdur. İnsan ağır zərbə ala, diz üstə ola bilər. Amma ayağa qalxmalıdır.

- "Neftçi" Avropa Liqasına hazırlaşmışdı, amma mübarizəni erkən dayandırdı. Çempionatın başlamasına isə 20 gün qalıb. Bundan sonra necə olacaq?

- Heç kim komandanın Avropa Liqasında neçə mərhələ keçəcəyini deyə bilməzdi. Püşkatmadan sonra bəlli oldu ki, ən çətin rəqiblərdən biri ilə üzləşəcəyik. İlk oyundan sonra mətbuatda yazılırdı ki, "Neftçi" imkanlı, "Uypeşt" isə kasıb klubdur. Bildiyimə görə, Macarıstan klubu bizdən qat-qat böyük büdcəyə malikdir. Bu rəsmi məlumatı almışam. Təbii ki, büdcənin nəticəyə aidiyyatı yoxdur. Çünki ilk görüşdə qalib gəlmişdik. Amma bəzi söz-söhbətlər komandamızın cavab oyununa təsir etdi. Sualınıza gəlicnə, komandanı Avropa Liqasına yox, mövsüm üçün hazırlayırıq. Burada ya hansısa mərhələdə dayanırsan, ya da qrupa düşürsən. Hazırda əsas ümidimiz çempionata və ölkə kubokunadır. Artıq bir neçə yoxlama görüşü üçün idman direktorumuza müraciət olunub. Komanda hazırlığını Bakıda davam etdirəcək.

- “Bakcell Arena” hələ hazır deyil. Ev oyunlarınızı harada keçirəcəksiniz?

- Bir ya iki tur “Dalğa Arena”da oynayacağıq. Bakıdakı istilər ot örtüyünün hazır olmasına əngəl törətdi. Ola bilsin ki, avqustun 20-ə və yaxud sentyabrın ilk həftəsinə qədər hazır vəziyyətə gətirilsin.

Son xəbərlər

Orphus sistemi