Yuxarı

"Neftçi"nin hücumçusu: "Altı oyuna dörd qol necə pis nəticə sayıla bilər?!"

"Neftçi"nin hücumçusu: "Altı oyuna dörd qol necə pis nəticə sayıla bilər?!"
Təbiətcə sakit olmağım bəzən kənardan xoşagəlməz fikirlərin yaranmasına səbəb olur

Bakı. 1 oktyabr. REPORT.AZ/ "Çox şadam ki iki qol vura bildim. Komanda yoldaşlarıma və azarkeşlərimizə minnətdarlığımı bildirirəm. İnanıram ki, bu qələbələrin və qolların davamı gələcək".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Baqali Dabo evdə "Səbail"ə 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra klubun rəsmi saytına müsahibəsində deyib.

Fransalı hücumçu oyunun asan keçmədiyini bildirib: "Hesaba baxanda görüşün olduqca asan keçdiyini deməzdim. Sadəcə, əlimizə düşən fürsətlərdən yaxşı yararlana bildik. Rəqibi düzgün qiymətləndirdik və qələbə qazandıq".

İlk 6 tur ərzində 4 qol vuran Dabo komandadakı vəziyyətindən və məhsuldarlığından razılıq ifadə edib: "Neftçi”də çox xoşbəxtəm. Komanda yoldaşlarımla, məşqçi heyəti ilə, rəhbərliklə əla münasibətlərim var. Hamımız bir məqsəd uğrunda mübarizə aparırıq. Təbii ki, təbiətcə sakit olmağım bəzən kənardan xoşagəlməz fikirlərin yaranmasına səbəb olur. Ancaq gülümsəmirəmsə, o demək deyil ki, nədənsə narazıyam. Hazırda hər şey qaydasındadır. Komandamın qələbə qazanması üçün meydanda var gücümlə mübarizə aparıram. Mənim üçün 6 oyuna 4 qol, təbii ki, yaxşı göstəricidir. Belə bir nəticə necə pis sayıla bilər?! Gələn oyunlarda bu göstəricini daha da yaxşılaşdırmağa çalışacam".

30 yaşlı forvard azarkeşlərlə münasibətlərindən də danışıb: "Azarkeşlərimizlə də çox yaxşı münasibətlərim var. Bizi stadiona gəlib dəstəkləyən hər kəsə təşəkkür edirəm. Onlar "Neftçi”nin ən böyük üstünlüyüdür. Azarkeşlərimizin dəstəyi bizim qələbə qazanmağımızda çox böyük rol oynayır. İnanıram ki, növbəti oyunlarda onların sayı daha da artacaq. Komandanın onlara çox ehtiyacı var".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi