Yuxarı

​"Neftçi"nin 3 futbolçusu AZAL-a qarşı oynamayacaq

Vançe Şikov, Elşən və Araz Abdullayevlər oyunu buraxacaq

Bakı. 5 avqust. REPORT.AZ/ "Neftçi"nin 3 aparıcı futbolçusu Azərbaycan Premyer Liqasının ilk turunda AZAL ilə səfər matçında çıxış etməyəcək.

"Report"un məlumatına görə, bu barədə flaqmanın baş məşqçisi Vəli Qasımov klubun rəsmi saytına açıqlamasında bildirib.

48 yaşlı mütəxəssis oyuna hazırlığı başa vurmalarına baxmayaraq, heyətlə bağlı çətinliklərinin olduğunu söyləyib:

"Makedoniya "Şkendiya"sı ilə son Avroliqa matçında zədələnmiş Vançe Şikov düşərgədə olsa da, hələ müalicəsini davam etdirir. Ümid edirəm ki, tezliklə tam hazır olacaq. Bir neçə gün öncə əməliyyat olunmuş Elşən Abdullayev də sabah bizə kömək edə bilməyəcək. Araz Abdullayev isə məşqdə ikili mübarizə zamanı zədə aldığı üçün onu meydana buraxmaqla risk etmək istəmirik. Əsas heyətin 3 aparıcı futbolçusunun olmaması işimizi müəyyən qədər çətinləşdirsə də, onların əvəzinə meydana çıxacaq futbolçulara da inanırıq”.

İtkilərə baxmayaraq, Qasımov bütün qarşılaşmalara hazır vəziyyətdə çıxmalarının gərəkliyini vurğulayıb:

"Ölkə çempionatında yeni mövsüm başlanır. Fikrimcə, çoxlu sayda maraqlı oyuna şahidlik edəcəyik. Bütün rəqiblərlə qarşılaşmalara tam hazır vəziyyətdə çıxmalıyıq. Çempionat uzun marafon olsa da, arxayınlaşmaq olmaz".

Qeyd edək ki, avqustun 6-da Bakının Şüvəlan qəsəbəsindəki "AZAL Arena"da keçiriləcək Premyer Liqanın açılış matçı saat 18:00-da başlanacaq. Oyunu FİFA referisi Rəhim Həsənov idarə edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi