Yuxarı
    Bağlamaq

    ​"Neftçi" klubunun ştat cədvəli təsdiqlənib

    Hazırki loqotipin saxlanmasına qərar verilib

    Bakı. 9 may. REPORT.AZ/ Mayın 8-də "Neftçi" klubunun təlim-məşq bazasında Müşahidə Şurasının növbəti iclası keçirilib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə şura üzvlərinə ilk iclasda qəbul olunmuş qərarların icrasına dair hesabat təqdim olunub və gündəlikdə olan məsələlər müzakirə edilib.

    Müşahidə Şurası "Neftçi" PFK-nın yeni strukturu və iş sisteminə uyğun olaraq hazırlanmış ştat cədvəlini təsdiq edib. "Neftçi" PFK-nın rəsmi loqotipinin yenilənməsi ilə bağlı ictimaiyyətdə, azarkeşlər arasında keçirilmiş sorğunun nəticələri Müşahidə Şurasına təqdim olunub. Sorğuya əsasən hazırki loqotipin saxlanmasının leyhinə fikir bildirən azarkeşlərin rəy çoxluğu nəzərə alınaraq hazırki loqotipin saxlanmasına qərar verilib.

    Eyni zamanda şura üzvlərinə yeni yaradılacaq "Neftçi" PFK-nın muzeyinin layihəsi təqdim edilib və layihəyə əsasən muzeyin "Bakcell Arena"da təsis edilməsinə qərar verilib.

    "Neftçi" PFK-nın iqtisadi baxımdan səmərəli şəkildə fəaliyyət göstərə biləcək "Fan shop"unun təsis edilməsi ilə bağlı AFFA ilə əməkdaşlıq məsələsi müzakirə olunub. İlkin olaraq əldə edilmiş razılığa əsasən əlavə xərclərin aradan qaldırılması məqsədi ilə "Neftçi" PFK-nın məhsullarının milli komandaların rəsmi "Fan shop" məntəqələrində satışa çıxarılması səmərəli hesab edilib.

    İclasda Azərbaycan Kubokunun final oyunu-"Qarabağ" FK - "Neftçi" PFK matçına hazırlıq məsələləri müzakirə edilib.

    Bununla yanaşı “Neftçi” PFK-nın əsas komandası yeni mövsümə hazırlıq məsələsi müzakirə olunub. Təqdim olunmuş təqvim planına əsasən komandanın yay təlim-məşq prosesinin 17-28 iyun tarixləri aralığında Avstriyada təşkil olunması və toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməsi təsdiqlənib. Hazırlıq planına əsasən "Neftçi" UEFA Avropa Liqasının iyunun 22-də baş tutacaq püşkatmasının nəticəsindən asılı olaraq Bakıya, yaxud rəqib klubun təmsil olunduğu ölkəyə səfər edəcək.

    İclasda klubun inkişaf strategiyasının hazırlanaraq Müşahidə Şurasına təqdim edilməsi ilə bağlı qərar qəbul edilib.

    Klubun transfer siyasəti, seleksiya prosesi, eləcə də gündəlikdə olan cari məsələlər müzakirə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi