"Neftçi" klubu "Asan Məktub" layihəsi çərçivəsində uşaqları mükafatlandırıb

"Neftçi" klubu "Asan Məktub" layihəsi çərçivəsində uşaqları mükafatlandırıb Elnur Eyvazov: "Bu gün "Neftçi" Şaxta Baba rolunu oynayır"
Futbol
28 Dekabr , 2017 11:58
Neftçi klubu Asan Məktub layihəsi çərçivəsində uşaqları mükafatlandırıb
Report/ Firi Salim

Bakı. 28 dekabr. REPORT.AZ/ Bu gün "Bakcell Arena"da "Neftçi" futbol klubunun təşkilatçılığı ilə "Asan Məktub" layihəsinə müraciət edən bəzi uşaqların arzularını gerçəkləşdirmək məqsədi daşıyan tədbir keçirilib.

“Report” xəbər verir ki, paytaxt təmsilçisi "Asan Məktub" layihəsinə müraciət edən 12 uşağı "Bakcell Arena"da qonaq edib. Müxtəlif bölgələrdən gələn uşaqlar öncə "Neftçi"nin muzeyi və ev oyunlarını keçirdiyi stadionla tanış olub, daha sonra əsas komandanın futbolçuları ilə meydana çıxıblar.

Ardından təşkil edilən mətbuat konfransında "Asan Məktub" layihəsinin rəhbəri Rəbiyyə Cəfərova dəstəyə görə "Neftçi" klubuna təşəkkür edib: "Layihə 2 il müddətdən artıqdır fəaliyyət göstərir. Bu müddət ərzində 2 mindən artıq uşağın arzuları reallaşdırılıb. Fürsətdən istifadə edərək, "Neftçi" klubuna minnətarlığımı bildirirəm. Bu uşaqlar sərhəd bölgələrindən gəlib. Onlar burada xoş anlar yaşadılar".

"Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov "Asan Məktub" layihəsinin önəmindən söz açıb: "Neftçi" sosial məsuliyyətini dərk edərək, daim bu cür tədbirlərdə iştirak edir. Öz töhfəmizi verməyə çalışırıq. "Asan Məktub" layihəsini həyata keçirənlərə də minnətdarıq. Uşaqların məktublarına baxıldı, arzuları öyrənildi. Bu gün "Neftçi" Şaxta Baba rolunu oynayır. Hər birinizə minnətdarıq".

Əsas komandanın baş məşqçisi Tərlan Əhmədov bu cür layihədə iştirak etməyin onları sevindirdiyini deyib: "Arzuları reallaşdırmaq bizim üçün şərəfdir. Hər kəsin bayramını təbrik edirəm".

Sonda Əhmədola yanaşı, məşqçilər Novruz Əzimov, İslam Kərimov, futbolçular - Rəhman Hacıyev, Rəşad Əzizli, Ömər Buludov, Elnur Cəfərov, Elnur Süleymanov, "Məktəbli dostu" layihəsinin kuratoru Leyla Qurbanlı, "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli uşaqlara hədiyyələr təqdim ediblər.

Son xəbərlər

Orphus sistemi