Yuxarı

Tərlan Əhmədov: “Neftçi” Azərbaycan futbolunun tarixidir"

Tərlan Əhmədov: “Neftçi” Azərbaycan futbolunun tarixidir"
Futbolçuların özünəinamının qayıtması əsas məsələdir
© Report/Elşən Baba

Bakı. 15 sentyabr. REPORT.AZ/ “Neftçi” futbol komandasının yeni baş məşqçisi Tərlan Əhmədov ictimaiyyətə təqdim olunub. 

“Report” xəbər verir ki, mütəxəssis “Bakcell Arena”da təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Elxan Abdullayevdən qalan komandanın durumu necədir?

- Elxan Abdullayevə təşəkkür edirəm. Uğursuzluq olanda, ilk növbədə, baş məşqçi məsuliyyəti üzərinə götürür. Komandada çatışmazlıq həddindən artıqdır. Futbolçuların özünəinamının qayıtması əsas məsələdir. Onlarda bir-birilərinə qarşı qəbul etməmək hissi var. Bunun nə ilə bağlı olduğunu araşdırıram. Sanki legionerlər bir, yerlilər bir qrupdur. Bunu dəyişəcəyəm. Cüzi də olsa, addım atmışıq. Amma köklü dəyişikliklər etmək üçün vaxta ehtiyac var. Fiziki durumun həddindən artıq pis vəziyyətdə olduğunu deməzdim.

- Bu vəzifəyə gələndən sonra Elxan Abdullayevlə müzakirəniz oldu?

- Üç dəfə cəhd etdim, amma telefonuna zəng çatmadı. Yəqin ki, onunla qarşıdakı matçdan sonra danışarıq. Halallığını alacağam.

- Fiziki hazırlıq üzrə məşqçi Andrey Kolesnikovi komandadan göndərmək istəyiniz nə ilə bağlıdır? Buna səbəb vaxtilə AZAL-da sizin yanınızdan ayrılıb “Neftçi”yə keçməsidir?

- Həyatda kin saxlayan insan deyiləm. Mənim üçün işçinin, futbolçunun fərqi yoxdur. Arada inciklik ola bilər. Burada bir məqam var. “Neftçi” Azərbaycan futbolunun tarixidir. Biz Qız Qalası və Şirvanşahlar Sarayına tariximiz kimi baxırıqsa, “Neftçi” də elədir. Andrey Kolesnikov bir müddət “İnter”də işləyib, ardınca “Şaxtyor”un uşaq komandasında, sonra isə AZAL-da. Qərara aldım ki, daha səviyyəli fiziki hazırlıq məşqçisi dəvət edilsin. “Neftçi”nin fiziki cəhətdən probleminin olmasını istəmirəm. Yaxın günlərdə dəyişiklik edəcəyəm. Amma Kolesnikov hələ mənimlə birgədir. Büdcəmizə və məşqçinin iş təcrübəsinə uyğun hərəkət edəcəyik.

- AZAL-dan sonra “Neftçi”nin büdcəsi sizi qane edirmi?

- Yerlə göy qədər fərq var. AZAL-da birinci il normal idi. Çalışdıq ki, sonra da bu komandanı ayaqda saxlayaq. Məni büdcə maraqlandırmır. Mənim tələbim tamamilə başqadır. Nə qədər qardaşlıq ünsiyyəti yaratsam da, bir o qədər sərt qərarlarım var. Elə şey var ki, bağışlayıram. Amma işdə məsuliyyətsizlik olanda məndə o qədər insaf yoxdur.

- Adınız U-21 millisi ilə də birgə hallanırdı. Belə bir təklif almışdınız?

- Xeyr, elə bir təklif gəlməyib. O məsələ, ümumiyyətlə, gündəmdə olmayıb. Sadəcə mətbuatda oxumuşam.

- “Neftçi”də müdafiə xəttinin durumu sizi qane edirmi?

- Məğlubiyyətdə təkcə müdafiəçilər pay sahibi olmurlar, bütün komanda məsuliyyət daşıyır. Müdafiə ilk növbədə hücumdan başlayır. İnamsızlıq problemləri üzə çıxarır. Dörd gündür komandanın bütün oyunlarının disklərinə baxmışam. Komandada özünəinamsızlıq var, xətlərarası anlaşma, ümumiyyətlə, yoxdur. Meydanda bir-birilərinə dəstək olmurlar. Müdafiə, yarımmüdafiə və hücum xəttində problemlər var. Buna görə də Rəşad Sadiqovu komandaya dəvət etdim. İstəyirəm ki, müdafiə ilə yarımmüdafiə və yarımmüdafiə ilə hücum xətti arasındakı boşluğu aradan qaldıraq. Çempionat uzun marafon olduğundan müdafiə xəttimiz güclü olmalıdır.

- Qış fasiləsində Vaqif Cavadov, Ruslan Əmircanov və ya vaxtilə birgə işlədiyiniz digər futbolçular komandaya cəlb oluna bilərmi?

- Hələ bu barədə düşünmürəm. Əsas məqsəd qışa qədər bacardığımız qədər xal toplamaqdır. Ondan sonra bu məsələləri müzakirə edərik. Həm Ruslan Əmircanov, həm də Vaqif Cavadov haqqında mənə deyilib. Bu gün üçün transfer məsələmiz, demək olar, həll olunub. Qışda gələnlər olacaqsa, yeni futbolçular olacaq. Artıq əvəzedici heyətə, akademiyaya da göz dikirəm ki, istedadlıları gələcəkdə əsas komandaya cəlb edim. Həm də ödənişli, daha səviyyəli futbolçular istəyirəm, boşda qalanları yox.

- Emin Mahmudov məsələsi nə yerdədir?

- Millinin üzvüdür. Çox istərdim ki, o, futbolsuz qalmasın. Rəhbərliklə söhbətdə də dedim ki, bizə uyğun futbolçudur, komandada görmək istərəm. Yəqin ki, məsələ yaxın günlərdə həllini tapar. Emin bizim bugünkü məşqimizdə olacaq. Amma hələ hazır deyil. Son 15 gündə, sadəcə qaçıb. Fiziki formasından uzaqdır.

- Rəhbərlik qarşınıza hansı tapşırığı qoyub?

- Qışa kimi bacardığımız qədər çox xal toplamalıyıq. Ondan sonra komandaya yeni futbolçular cəlb olunacaq. Çalışacağıq ki, əvvəlki “Neftçi” əzəmətində, ondan da yüksək futbolçular dəvət edək. Mükafatlar uğrunda mübarizə aparsaq, həm komandanın, həm də mənim adım üçün yaxşı olar.

- Sizin də rəhbərlik qarşısında tələbiniz olub?

- Sağ olsunlar, bütün səlahiyyəti mənə veriblər. Əsas odu ki, böyük kluba uyğun fiziki hazırlıq məşqçisi komandamıza gəlsin. Qalan hər şey mənim səlahiyyətimdədir.

- Böyükağa Hacıyev dəfələrlə deyib ki, “Neftçi”ni əvvəlki səviyyəsinə qaytarmağın resepti ondadır. Maraqlıdır, təyinatınızdan sonra Hacıyevlə danışığınız olub?

- Böyükağa müəllimə Allah şəfa versin. Onunla heç bir danışığım olmayıb.

- Sabah start heyətində nə kimi dəyişikliklər olacaq?

- 3-4 dəyişiklik ola bilər. Sabah Rəşad Sadiqovu start heyətində görəcəksiz.

- Karyerasını bitirməyə hazırlaşan futbolçu “Neftçi” üçün xilaskar olacaq?

- Rəşad “Zirə” ilə Avropa Liqasının təsnifat mərhələsində çıxış edib. Ondan sonra fərdi məşq edib. Əgər maydan sonra uzun müddət oynamasaydı, sizinlə razı olardım. “Qarabağ”a baxın. Rəşad Sadıqov zədəli olanda belə meydana çıxır. Çünki onun meydanda olması komandasına böyük üstünlük verir. Eyni sözlər Sadiqova da aiddir.

- “Zirə” ilə oyunda hansı nəticə sizi qane edəcək?

- Hamı istəyər ki, qələbə ilə başlasın. Biz də sabah meydana 3 xal üçün çıxacağıq. “Zirə” oturuşmuş komandadır. Bizim üçün ağır oyun olacaq. Amma öz gözəl oyunumuzla qələbə üçün köklənəcəyik.

- “Neftçi” indiyə qədər çempionatda “Zirə”ni məğlub etməyib. Sabah bu tilsimin qırılmaq ehtimalı nə dərəcədə realdır?

- Bu statistikadan xəbərim var. Komandamızda problemlər çoxdur. Amma sabah daha istəkli olacağıq və meydana 3 xal üçün çıxacağıq.

- 2012-13 mövsümündə 10 oyunda komandanı meydana çıxardınız, 21 xal topladınız. Yenə bu nəticəni göstərmək mümkündür?

- O vaxtkı heyət daha hazır idi. Amma hər şey mümkündü. 10 oyunda maksimum xal toplamağa çalışacağıq. Analizlər aparmışıq, sadəcə burda açıqlamaq istəmirəm. İşimizi görəcəyik.

- Cəza kodeksiniz hazırdımı?

- Bəli, hazırdı. Bu, futbolçulara, məşqçilərə, inzibatçılara, bir sözlə hər kəsə aiddir.

- Məşqə 5 dəqiqədir ki, gecikirsiz. Öz cəzanız nə olacaq?

- Sizə hörmətsizlik olmasın deyə, yubandım (gülür). 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi