Yuxarı

Mxitaryan Bakıya gələ bilməməsi ilə bağlı sualdan yayınaraq, UEFA-da günah axtarıb

Mxitaryan UEFA-da günah axtardı

Hazırda İtaliya "Roma"sında çıxış edən İngiltərənin "Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryan UEFA-dan özü üçün əlavə imtiyaz istəyib.

"Report"un məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi "For For Two" nəşrinə müsahibəsində Azərbaycana səfər edə bilməməsinin günahını Avropa futbol qurumunun üzərinə yıxmağa çalışıb. Onun fikrincə, məhz özünün iştirak edə bilməsi üçün "Çelsi" ilə Avropa Liqasının final oyununun yerini dəyişmək də olardı: "UEFA-nın mənə kömək edə bilməsi üçün yeganə yol final matçının yerini yenidən müzakirə etmək olardı. Komanda və ya oyunçunun siyasi baxımdan yaxşı münasibətlərin olmadığı ölkəyə gedə bilməsi üçün az ehtimal varsa, ən yaxşısı ora oyun salmamaqdır. Məsələn, Rusiya klubu Çempionlar Liqasında finala çıxsaydı və həlledici oyun Ukraynada keçirilsəydi, getmələri çox çətin olardı. Mən həyatımın ən vacib hadisələrindən birini buraxmalı oldum. Çünki bəzi insanlar bu məsələni müzakirə etmədilər".

Bakı Olimpiya Stadionundakı final oyununda "Çelsi" 4:1 hesabı ilə qalib gəlib. Mxitaryan oyunu evdən izləyərək, "Arsenal"a kömək edə bilməməsindən məyusluq hissi keçirdiyini söyləyib: "Bu, mənim üçün ikinci Avropa Liqası finalı idi. Təsəvvür edin, həyatında heç vaxt final həyəcanı yaşamamış oyunçu belə imkan qazanır, amma siyasi problemlər onun matça gedişinə mane olur. Bu, çox ağrılıdır. Demirəm ki, 1:4 hesabı ilə uduzduğumuz oyunun nəticəsini dəyişərdim. Amma çox pis olmuşdum. Oyuna evdə baxır və kömək edə bilmirdim. İstəmirəm ki, bu, digər oyunçularla da baş versin".

Mxitaryan jurnalistin Azərbaycan hökumətinin təhlükəsizlik təminatı verdiyini xatırlatdıqda razılığın yalnız Avropa Liqasının final matçı ilə əlaqədar olduğunu iddia edib: "Azərbaycan komandasına qarşı klubum ilk dəfə oynamırdı. Almaniyanın "Borussiya" (Dortmund) klubunda çıxış etdiyim vaxt "Qəbələ" ilə, "Arsenal"ın heyətində isə "Qarabağ"la səfər qarşılaşmasından kənarda qalmışdım. Bu iki oyun üçün Azərbaycanla getməyimə heç vaxt razılıq olmamışdı. Amma Avropa Liqasının finalında belə bir razılığın olduğunu bildirdilər. Amma mən bu barədə danışmağı sevmirəm. Çünki çox şey var ki, insanlar anlaya bilmirlər. Futbol oynaya bilmədiyim üçün çox məyusam".

Erməni futbolçu "Məgər "Qəbələ" və "Qarabağ"la oyunlara getməyinizə icazə verilməmişdi" sualını isə cavablandırmayıb: "Gəlin, bu barədə danışmayaq". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi