Yuxarı

Moldovalı legioner: "Qarabağ" məni heç nə ilə təəccübləndirmədi"

Moldovalı legioner: "Qarabağ" məni heç nə ilə təəccübləndirmədi"
Azərbaycan çempionatının səviyyəsi pis deyil

Bakı. 18 fevral. REPORT.AZ/ "Səbail" komandasının futbolçusu Yevgeni Koçuk Topaz Premyer Liqasının XVI turunda evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları görüşdən sonra brifinq keçirib.

"Report" xəbər verir ki, moldovalı legioner əvvəlcə oyunu dəyərləndirib...

- "Qarabağ" kimi təcrübəli komandaya qarşı layiqincə mübarizə aparsaq da, məğlub olduq. Fikrimcə, oyunun sonlarında hesabı bərabərləşdirə bilərdik. Qol imkanımız da var idi. Düzdür, uduzmuşuq, amma düzgün yoldayıq. Gələcəkdə səhvlərimizi düzəldəcək, qalib gəlməyə və inkişaf etməyə başlayacağıq. Buna 100 faiz əminəm.

Bu gün nəyin sayəsində "Səbail" "Qarabağ"dan xal ala bilərdi?

- Yəqin ki, xarakter və daha çox istək sayəsində.

Oyunla bağlı planınız necə idi?

- Meydana çıxmaq və qələbə üçün mübarizə aparmaq.

"Qarabağ" səni nə iləsə təəccübləndirdi, yoxsa elə gözlədiyin komanda idi?

- Heç nə ilə təəccübləndirmədi. Prinsipcə, gözlədiyim oyunu sərgiləyən komanda idi.

İlk yarıda yaxşı oynasanız da, fasilədən sonra sanki nə isə çatmadı...

- Bilmirəm, nə isə çatmadı. İkinci hissədə də qol vəziyyətlərimiz var idi. Buraxdığımız qol vəziyyətində konsentrasiyamızı itirdik. Düşünmürəm ki, fasilədən sonra ilk yarıdakından pis çıxış etdik.

Lakin ən real qol vəziyyəti sona doğru sizin ötürmənizdən sonra baş verdi. Lakin Faruk Miya fərqlənə bilmədi...

- Düşünmürəm ki, biz yalnız bir epizoddan qol gözləməliyik. Bəli, komanda yoldaşım qol vura bilərdi. Amma vurmayıbsa, qorxulu bir şey yoxdur. O, gənc futbolçudur, gələcəyi hələ irəlidədir.

Baş məşqçi Samir Əliyev oyundan sonra paltardəyişmə otağında sizə nə dedi?

- Nə deyibsə, elə paltardəyişmə otağında da qalır.

Premyer Liqanın səviyyəsini necə dəyərləndirirsən?

- Hələlik qəti fikir bildirmək mümkün deyil. Daha çox oynamaq lazımdır. Pis deyil, çox yaxşı səviyyəli çempionatdır. Bu dəqiqdir ki, mənfi heç nə deyə bilmərəm.

Məsələn, "Qarabağ"ı Slovakiya "Jilina"sı ilə müqayisə etmək mümkündür?

- Məncə, bunlar fərqli komandalardır. Müqayisə etmək çətindir. Yuxarı-aşağı söhbətləri var.

Hədəfin nədir: Azərbaycanda qalmaq, yoxsa "Jilina"ya qayıtmaq?

- Bunu mən yox, "Jilina" həll edəcək. Slovakiya klubu ilə müqaviləm var. Necə qərar verəcəklərsə, o cür də olacaq. Mövsümün sonunda hər şey aydınlaşacaq. Oturub danışacağıq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi