Yuxarı

Mehman Allahverdiyev: "İki sponsorla danışıq aparırıq"

Kəpəz futbol klubunun prezidenti: Elə bil lotereyada maşın udmusan

Bakı. 9 may. REPORT.AZ/ "Kəpəz"in Premyer Liqaya çıxması bizim üçün gözlənilməz oldu. Elə bil lotereyada maşın udmusan". Bunu "Report"a açıqlamasında "Kəpəz" futbol klubunun prezidenti Mehman Allahverdiyev deyib.

Rəhbərlik etdiyi klubu yeni mövsümdən Premyer Liqada çıxış etməsi ilə bağlı fikirlərini bildirən M.Allahverdiyev AFFA-nın Lisenziyalaşdırma Komissiyasının iclasında qəbul edilən qərarlardan danışıb. O, bildirib ki, "Kəpəz"in lisenziya ilə bağlı problemi olmayıb: "Biz lisenziya ilə bağlı bütün lazımi sənədləri vaxtında təhvil vermişik. Ola bilər ki, diviziondakı hansısa komanda lisenziya məsələsini həll etməyib".

Klub rəsmisi hazırda I divizionun 9-cu pilləsində qərarlaşan "Kəpəz"in elitadakı çıxışı barəsində də danışıb. Onun sözlərinə görə, Premyer Liqada çıxış etmək üçün heyət gücləndiriləcək: "İlk növbədə idmana göstədiyi qayğıdan, diqqətdən dolayı Prezident İlham Əliyevə təşəkkür edirəm. Onun dəstəyi nəticəsində idmanın hər bir növündə inkişaf gedir. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi də bunun bariz nümunəsidir. Elitadan aşağı dəstəyə düşəndən sonra 2 il orada oynadıq. Bu müddət ərzində AFFA-nın, Assosiasiyanın prezidenti Rövnəq Abdullayevin dəstəyini gördük. Rövnəq müəllimə də bizə dəstək verdiyi üçün minnətdarlığımı bildirirəm". 

Sponsor tapmaqda çətinlik çəkən Gəncə təmsilçisinin rəhbəri bu məsələnin tezliklə öz həllini tapacağını qeyd edib. M.Allahverdiyev maddi yardımla bağlı AFFA-ya müraciət edəcəklərini deyib: "Premyer Liqa ilə divizion klublarının büdcəsi, heyəti eyni deyil. Premyer Liqada uğurla çıxış etmək üçün heyəti gücləndirməyi düşünürük. İnanıram ki, Federasiyadan yenə də köməklik olacaq. Bu məsələ həll olunduqdan sonra sponsor məsələləri də müsbət nəticələnə bilər. Hazırda sponsorluqla bağlı danışıqlar gedir".

Qeyd edək ki, AFFA-nın Lisenziyalaşdırma Komissiyasının qərarına əsasən, "Kəpəz" və "Zirə" klubları yeni mövsümdən Premyer Liqada çıxış edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi