​Mahmud Qurbanov: "Mənə "Professor" ləqəbi ala gözümə-qara qaşıma görə verilməmişdi" - MÜSAHİBƏ

​Mahmud Qurbanov: "Mənə "Professor" ləqəbi ala gözümə-qara qaşıma görə verilməmişdi" - MÜSAHİBƏ "Foqtsla Prosineçki haqda mənfi fikir söyləmək istəmirəm"
Futbol
10 May , 2016 13:49
​Mahmud Qurbanov: Mənə Professor ləqəbi ala gözümə-qara qaşıma görə verilməmişdi - MÜSAHİBƏ

Bakı. 10 may. REPORT.AZ/ Bu gün 43 yaşını qeyd edən Azərbaycan milli komandasının köməkçi-məşqçisi Mahmud Qurbanovun "Report"a müsahibəsi:

- İlk olaraq ad gününüzü təbrik edirik. 43 ili geridə qoydunuz. Ad günlərinizi, adətən, necə keçirirsiniz?

- Heç vaxt ad günü keçirməmişəm. Yəni, çox geniş yox, sadəcə, ailəmlə olmuşam. Bunu şadyanalıq kimi etməmişəm. Uşaq vaxtı xüsusi bir gün kimi gözləyirdik. İndi o qədər iş olur ki, ad günü yada düşmür. Bundan sonra da təmtəraqlı şəkildə qeyd etmək fikrim yoxdur. Təbriklər var, qohumlar, futbol adamları, jurnalistlər təbrik edir. Hər kəsə təşəkkürümü bildirirəm. Ad günümlə bağlı bunları deyə bilərəm.

- 19 yaşınızdan (1992) peşəkar səviyyədə futbolla məşğul olmağa başlamısınız. Bu illər sizə nə qazandırdı?

- Futbol da oynamışam, baş məşqçi də olmuşam. Bu illər ərzində çox şey dəyişildi. Futbolçu dönəmimdə çox şey qazanmışam. İndi də futbolla bağlı işlə - məşqçiliklə məşğul oluram. Yəni, futboldan uzaq düşməmişəm.

- Futbolçu kimi 12 dəfə ölkə çempionu olmusunuz və 4 dəfə Azərbaycan Kubokunu qazanmısınız. Fikrinizcə, hazırda sizin bu rekordu yeniləməyə namizəd futbolçu var?

- Düzü, bu gün kimdə hansı göstəricinin olmasını bilmirəm. Ancaq bütün rekordlar yenilənir və nə vaxtsa mənim göstəricim təzələnəcək. Heç vaxt belə şeyə əhəmiyyət verməmişəm. Yəqin ki, gələcəkdə bu rekord da qırılacaq.

- Sizə "Professor" ləqəbi verilib. Bu, necə yarandı?

- Mən Ukraynanın "Tavriya" klubunda çıxış edərkən (2003) baş məşqçimiz rəhmətlik Anatoli Zayayev səhv etmirəmsə, "Metallurq"la (Donetsk) oyundan sonra bu sözləri demişdi. Səhəri gün Bakıdan jurnalistlər zəng etmişdi və bu barədə onlardan eşitdim. Onlar məndən bu haqda soruşanda bildim ki, belə bir məsələ var.

- Nəyə görə sizə belə ləqəb verildi?

- Yəqin ki, ala gözümə, qara qaşıma görə verməmişdi. Düşünürəm ki, oyunuma görə bu ləqəbi mənə verib. Sağ olsun, deyib. Amma düşünürəm ki, bizim futbolumuzda daha yaxşı oyunçular olub. Az da olsa, tarixdə məndən qat-qat yaxşı futbolçularımız olub.

- İndi necə, hazırda Premyer Liqada "professor" var?

- Demək çətindir. Kənardan azarkeşlər futbolçulara hansısa ad qoya bilər. Amma mən kiminsə adını deməyə çətinlik çəkirəm.

- Gəncədə anadan olmusunuz. "Kəpəz"də futbola başlamısınız. Bu komandada baş məşqçi olmusunuz. İndi sizin doğma və sabiq komandanız Avropa Liqasına vəsiqə qazanıb. Ümumiyyətlə, komandanın çıxışını necə qiymətləndirirsiniz?

- Mən futbolu o şəhərdə öyrənmişəm. Uşaq vaxtlarından arzuladığım komandanın formasını geyinmişəm. Bu gün "Kəpəz"in Avroliqaya vəsiqə qazanması məni sevindirməyə bilməz və bu, çox yaxşı haldır. Düşünürəm ki, gələcəkdə Gəncədə yaxşı futbolçunun yetişməsi üçün gözəl şans var. Avroliqaya çıxacaqları təqdirdə daha yaxşı çıxış edib nəticə qazanacaqlar.

- Ancaq digər sabiq komandalarınız - "Neftçi", "Xəzər Lənkəran" və "Bakı" heç də uğurlu çıxış etmir...

- Hamısı yaxşı komandalardır. "Neftçi"nin kubok qazanma şansı var. Lakin çempionatda 7-ci pillədə olması komandanın yaxşı çıxış etmədiyini göstərir. Həmçinin, "Xəzər Lənkəran" və "Bakı" da nəticə baxımından ürək açan deyil. Halbuki 2-3, hətta 5 il bundan əvvəl bu komandalar Azərbaycan çempionatının ən iddialı komandalarından idi. Onların güclü heyətlə çıxışları çempionata rəng qatırdı. Əfsuslar olsun ki, "Bakı" və "Xəzər Lənkərən"ın hazırda elə gücü də yoxdur ki, istədiyi kimi çıxış etsin. "Neftçi"ni isə kubok qazanmağa şansı olduğu üçün bir az fərqləndirərdim.

- Milli komandada Berti Foqtsla çalışmısınız. Hazırda Robert Prosineçki ilə işləyirsiniz. İki baş məşqçi arasında futboldan kənar hansı fərqliliklər var?

- Bu sualı çox veriblər. Ancaq bu haqda danışmaq olmur. Hər bir insanın mənfi xüsusiyyətləri olur. Həmçinin, bu cür xüsusiyyət məndə də var. Ona görə də həmin insanlar haqda mənfi fikir söyləmək istəmirəm. Çünki səhv başa düşərlər.

- Foqts oyun zamanı texniki zonada öz yerliləri ilə otururdu. Ancaq Prosineçkinin yanında azərbaycanlı məşqçilər də yer alır...

- Tribunaya göndərilmə məsələsi çox qabardılır. Ancaq məşqçi zonasında 6 nəfər otura bilər. Bu siyahıda baş məşqçi, məşqçilər və həkimlər olur. Köməkçiləri isə baş məşqçi özü seçir ki, yanında kim qalsın. Ona görə bu barədə danışmaq düzgün deyil. Bu gün Elxan Abdullayev Prosineçkinin yanında oturur. Məsələn, mən və ya başqa azərbaycanlı hansısa xarici klubda işləsək, yanımızdakılar da azərbaycanlı məşqçilər olacaq.

- Bu ay milli komandanın təlim-məşq toplanışı olacaq. Artıq heyət müəyyənləşib?

- Xeyr, hələ heyət müəyyən olunmayıb. Hələ çempionat oyunları gedir. Hər şey ola bilər. Təxmini siyahı var, amma kimlərin çağırılacağı tam dəqiqləşməyib. Düşünürəm ki, baş məşqçinin yeni futbolçu cəlb etmək fikri var. "Neftçi" və "Qarabağ" komandalarının futbolçuları ölkə kubokunun finalından sonra birbaşa Avstriyaya yollanacaq. Mayın 26-da tam heyətlə məşqlər olacaq.

- Hazırda 17 yaşadək futbolçular arasında Avropa çempionatı keçirilir. Millimizin çıxışını necə dəyərləndirirsiniz? Nəzərə almaq lazımdır ki, 3-4 ildən sonra bu futbolçular əsas millinin aparıcı üzvlərindən ola bilər...

- Portuqaliyaya məğlubiyyətdən sonra hər kəs millinin bir top belə vurmayacağını düşünürdü. Ancaq Təbriz Həsənov və komandası işlədi. Nəticədə yığmamız nəinki qol vurdu, hətta xal da qazandı. Nəzərə almalıyıq ki, bu, final mərhələsidir və Bakıya Avropanın ən güclüləri gəlib. Xorvatiya, Türkiyə, Rusiya kimi yığmalar final mərhələsində çıxış etmir. Yığmamızdan nəsə tələb etmək də düzgün olmaz. Təbii ki, uğur qazanmağı, qrupdan çıxmağı istəyirik. Ancaq məsələyə real yanaşmaq lazımdır. Qarşıda Şotlandiya ilə oyun var. İnanırıq ki, yığmamız sonuncu pillədə olmayacaq. Qrupdan çıxma şansımız çox azdır. Ancaq 3-cü yer imkanı var və düşünürəm ki, buna nail olacağıq. 3-4 il sonraya gəlincə, bu onların futbolçu kimi necə yetişmələrindən asılıdır. Ola bilər istedadı, perspektivi olsun, amma futbolçunun hansısa yaşda həmin imkanlarından necə istifadə edəcəyi məsələsi var. Bu səbəbdən, indidən nəsə proqnoz vermək çətindir.

Son xəbərlər

Orphus sistemi