Yuxarı

Mahir Mədətov: "Tum çırtladığımı və hakimi vurduğumu eşidəndə gülürəm" - MÜSAHİBƏ

Nazim Süleymanov gözü ilə gördüyünə inanan insandır

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasından qovulan "Qarabağ"ın futbolçusu Mahir Mədətovun "Report"a müsahibəsi:

- Yığmadan kənarlaşdırılmağınıza səbəb nə oldu?

- Mən bu barədə danışmaq istəmirəm.

- Amma hamını bu sual maraqlandırır...

- Başa düşürəm, amma danışmaq istəmirəm. Üzrlü hesab edin.

- Baş məşqçi Nazim Süleymanov bildirib ki, əvəzləndikdən sonra tribunada tum çırtladığınızı görüblər...

- Nə? Tum çırtlamışam? (gülür - red.) Görən olub məni elə vəziyyətdə?

- Bəli, görüblər.

- Hm, görüblər... Amma mənim xəbərim yoxdur. Nə isə, qardaş, mən danışmaq istəmirəm. İnanmıram ki, Nazim müəllim belə bir söz desin. Rəsmi səbəb kimi intizamsız hərəkətə yol verməyimi göstəriblər. Amma belə hərəkətim olmayıb. Məncə, Nazim müəllim də elə söz deməz.

- Bəs, intizamsız hərəkətiniz nədən ibarət olub?

- Mən də bilmirəm. Baş məşqçi elə deyibsə, elədir. Amma mən danışmaq istəmirəm.

- Danışmaq istəmədiyinizi desəniz də, məsələyə az da olsa, aydınlıq gətirdiniz. Sonadək aydınlıq gətirməyinizi istərdik... 

- Məncə, sizi bu maraqlandırmamalıdır. Oyunları uduzmuşuq. Ən çox maraqlandıran o olmalıdır ki, niyə uduzmuşuq?

- Elə isə niyə uduzmusunuz?

- Nə deyim, vallah... Oyundur da. Olanda-olur. Narahatlıq doğuran məsələ budur. 

- Baş məşqçi futbolçuların tapşırıqları yerinə yetirmədiyini iddia edir...

- Bunu Nazim müəllim daha yaxşı bilər. Mən heç nə deyə bilmərəm. Ona çox böyük hörmətim var. Yenə deyirəm, tum çırtlamağımı sizə baş məşqçi deyə bilməz. Elə söhbət yoxdur, olmayıb da! Bunlar uydurmadır. Allah bilir ona kim deyib. Amma özü elə söz deməz. Nazim müəllim gözü ilə gördüyünə inanan insandır.

- Millidən kənarlaşdırılmağınızı klubunuz "Qarabağ"da necə qarşıladılar?

- Hələ klubda olmamışam, bilmirəm. Bir də ki, necə qarşılamalıdırlar? Nə etmişəm ki, necə də qarşılasınlar?

- Belə çıxır ki, millidən səbəbsiz uzaqlaşdırılmısınız...

- Mən heç nə demək istəmirəm, danışmıram. Üzr istəyirəm.

- Bəs, komanda yoldaşınız Elnur Cəfərovun Türkiyə ilə görüşdə "fair play"a əməl etməməsi səbəbindən yaranan münaqişə barədə nə deyə bilərsiniz?

- Futbolda hər şey ola bilər. İnanmıram ki, bu, bilərəkdən baş versin. Çünki Nazim müəllim də "aut, aut" deyə qışqırırdı. Yəqin ki, Elnur o sözü düz başa düşmədi. Elə bildi ki, "aut" dedikdə müdafiənin irəli çıxmasını nəzərdə tutub. Düzgün başa düşsəydi, yəqin ki, topu kənara çıxarardı.

- Yan xətt hakimini vurduğunuza dair iddialar nə dərəcədə həqiqətə uyğundur?

- Gəlin, məsələyə belə yanaşaq: Yan xətt hakimini vursaydım, UEFA-dan mənə cəza gələrdi. 18 yaşlı uşaq bu hərəkəti edirsə, məntiqlə, mütləq cəzalanmalıdır. Başqa variant ola bilər?

- Amma dünənki hərəkətə görə UEFA-nın bu gün qərar çıxarması da inandırıcı deyil...

- Cəzalansam, deyərsiniz ki, elə hərəkətə yol vermisiniz. Amma mən elə şey etməmişəm. Eləsəydim, hakimlə aramızda problem yaranardı. Amma hakimlə deyib-gülə aralanmışıq, orda heç bir problem olmayıb. Təpik-zad... Belə şeyləri eşidəndə gülürəm. Orada elə söhbətlər olmayıb.

- Bəs, yığmadan kənarlaşdırıldığınıza dair qərarı Sizə kim çatdırdı?

- Mən oyunun əvvəllərində ayağımdan zədələnərək meydanı tərk etdim. Oyundan sonrakı iclasda Nazim müəllimin özü də bildi ki, son turda kömək edə bilməyəcəyəm. Ona görə də "çıxıb gedə bilərsən" dedi. Vəssalam! İndi də zədəmin müalicəsi ilə məşğulam.

- Amma AFFA-nın rəsmi saytında yığmadan intizamsızlığa görə uzaqlaşdırıldığınız yazılıb...

- Ola bilər də... Nazim müəllimin niyə belə qərar qəbul etdiyini bilmirəm, xəbərim yoxdur.    

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi