Yuxarı
    Bağlamaq

    Fransalı dünya çempionu: "Bakıya yenə gələcəyəm" - MÜSAHİBƏ

    İstərdim Azərbaycan AVRO-2016-da iştirak etsin

    Bakı. 16 mart. REPORT.AZ/ Futbolçu kimi Fransa millisinin heyətində dünya və Avropa çempionu, İspaniyanın "Real Madrid" klubu ilə 2 dəfə Çempionlar Liqasının qalibi olmuş Kristian Karambö Bakıda yerli jurnalistlərin suallarını cavablandırıb. "Report" hazırda FİFA-nın səfiri kimi çalışan Karambönün müsahibəsini təqdim edir:

    - Bakıya səfəriniz haqda danışardınız...

    - Bura "Bakı 2015" I Avropa Oyunlarının proqramında yer alan çimərlik futbolu üzrə yarışın püşkatma mərasimində iştirak etmək üçün gəlmişəm. Səfər müddətində Bakını özüm üçün kəşf etdim və infrastrukturları gördüm. Bunlar çox ecazkardır və şadam ki, Bakıdayam. Buraya gələcək idmançılar üçün yüksək səviyyədə şərait yaradılıb. Bir daha Bakıya gələcəyəm ki, bu Oyunlara öz töhfəmi verim və yardımçı olum.

    - Azərbaycan futbolu ilə bağlı fikirləriniz necədir?

    - Azərbaycan futbolu barədə yığma komandanın baş məşqçisi Robert Prosineçki ilə danışdım. O, mənə burada istedadlı gənclərin olduğunu bildirdi. Zənnimcə, bu gəncləri erkən yaşdan yetişdirmək və milli komandaya cəlb etmək lazımdır. Bundan əlavə, Robert mənə dedi ki, qarşıdakı əsas məqsəd Azərbaycanı DÇ-2018-ə hazırlamaqdır. Təşkilatçı ölkə - Fransa olaraq istərdik ki, Azərbaycan AVRO-2016-da da iştirak etsin. Üstəlik, çimərlik futbolu üzrə yığma komandanızın da baş məşqçisi ilə görüşüb, söhbətləşdim. O mənə dedi ki, son aylar ərzində böyük irəliləyişə nail olunub. Düşünürəm ki, iyunda bu komandanın oyunu zamanı yanında digər güclü dəstə də olacaq ki, bu da azarkeşlərdir.

    - Karambö kimi oyunçuya çevrilməkdən ötrü azərbaycanlı futbolçular nə etməlidirlər?

    - Bunun üçün öz üzərilərində işləmək lazımdır. Özünü futbola həsr etməlisən. Bilirsiniz ki, burada hər zaman nəyisə qurban vermək lazımdır. Yaxşı futbolçu kimi püxtələşmək istəyirsinizsə, futbol işinizə çevrilməlidir və hər gün məşq etməli, nəyisə təkmilləşdirməlisiniz. Qarşınızda məqsəd olmalıdır və əzmlə bu məqsədə doğru irəliləməlisiniz. Məşqçinin sözünə qulaq asmalı, vaxtında qidalanıb, yatmalısınız. Özünüzə, vücudunuza hörmətlə yanaşmalısınız. Vücudu əlavə yüklənməyə məruz qoymamalısınız. Sonda qarşıdakı məqsəd sizi ən yüksək pilləyə gətirəcək.

    - Mayın 29-da yeni FİFA prezidenti seçiləcək. Namizədlər sırasında "Real Madrid"də birgə çıxış etdiyiniz Luiş Fiqu da var. Kimin seçilməsini istərdiniz: hazırkı FİFA prezidenti Yozef Blatterin, yoxsa elə Fiqunun?

    - Bir məsələyə aydınlıq gətirmək istərdim: Bu suala cavab verə bilməyəcəyəm. Çünki burada FİFA-nın səfiri kimi çıxış edirəm. Səsvermə hüququm yoxdur. Bu hüquq yalnız İcraiyyə Komitəsinin üzvlərinə verilir. İkincisi, səfir olduğum üçün deyə bilərəm ki, Luiş Fiqu dostumdur və ona hörmətim var. Yozef Blatter isə həm dostum, həm də prezidentimdir. Səsvermədən söhbət gedirsə, bu özü də futbol oyununa bənzəyir. Görək kim qalib gələcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi