Bakı. 5 dekabr. REPORT.AZ/ Rusiyanın "Krasnodar" komandasının baş məşqçisi Oleq Kononov dekabrın 10-da "Qəbələ" ilə Bakıda keçirəcəkləri futbol üzrə Avropa Liqasının qrup mərhələsinin VI tur matçını dəyərləndirib. "Report"un məlumatına görə, 49 yaşlı mütəxəssis çox vacib oyuna çıxacaqlarını bildirib.
O, qarşılaşmanı ilin həlledici görüşü adlandırıb: "Başa düşürük ki, qrupdakı vəziyyətimiz bu oyundan asılıdır. Ümid edirik ki, bütün futbolçularımız sağlam olacaq, habelə, oyuna psixoloji cəhətdən yaxşı yanaşacaqlar".
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək C qrupunun son tur matçı saat 22:00-da başlanacaq. Hazırda "Krasnodar"la Almaniyanın "Borussiya" (Dortmund) komandaları hərəyə 10 xalla ilk 2 yeri bölüşür. Onlar növbəti mərhələyə vəsiqəni təmin ediblər. 4 xala malik Yunanıstan PAOK-u ilə 2 xalı olan "Qəbələ" sonrakı pillələrdədirlər və şanslarını itiriblər. "Krasnodar"la görüş "Qəbələ" üçün qrupu 3-cü pillədə başa vurmaq baxımından önəmlidir. Qonaqlar isə qrupda 1-ci yeri tutmağı hədəfləyiblər.