Yuxarı

"Keşlə"nin baş məşqçisi: "Oyunun taleyini penalti həll etdi"

"Keşlə"nin baş məşqçisi: "Oyunun taleyini penalti həll etdi"

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Əlbəttə nəticədən razı deyilik, çünki məğlub olduq. Xüsusən ona görə məyusuq ki, ikinci hissədə 40 dəqiqə bir oyunçu üstün durumda çıxış etdik. Amma düşünürəm ki, verilmiş penalti oyunun taleyini həll etdi. İkinci hissədə çoxlu şansımız olsa da, təəssüf ki, istifadə edə bilmədik. Hətta 3 hücumçu ilə oyuna davam etdik. Təəssüf ki, qapı qarşısına çoxlu asmalar edə bilmədik və cəmi bir qol vura bildik".

"Report"un məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Mladen Milinkoviç səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.

Serbiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Klubunuzun rəhbəri Zaur Axundov oyundan sonra çox qəzəbli idi...

- Əlbəttə o, klubun prezidentidir. Məğlub olursansa, razı ola bilməzsən. Axundovun konkret nə dediyini bilmirəm, çünki oyundan sonra paltardəyişmə otağına yox, ayaqyoluna yollandım. O, oyunçulara öz iradlarını deyə bilər. Yəqin ki, o da hamımız kimi məyusdur.

- "Keşlə"nin kifayət qədər ucaboy oyunçuları var, amma sanki düzgün asmalar edə bilmirdilər. Məşqdə bunun üzərində işləyirsiniz?

- Məşq edirik. Gördünüz ki, rəqib 10 nəfərlə qalan kimi ikinci hücumçunu - Amil Yunanovu meydana daxil etdik. Bəzən müəyyən qeyri-dəqiqliklər olur. Bəzən qapıçılar yaxşı oynayır, bəzən hücumçular, bəzən isə müdafiəçilər yaxşı oynayır. Futbolda qərarlar qısa zaman ərzində qəbul edilir və düzgün qərar verib düzgün addım atmırsansa, məğlub olursan. Düşünürəm ki, artıq birinci hissədə oyunu uduzmuşduq. Vaqif Cavadov o epizodda hesabı bərabərləşdirə bilsəydi, oyunda tarazlıq yaranardı və psixoloji cəhətdən də üstünlük əldə edərdik. Amma təəssüf ki, alınmadı.

- Vaqif Cavadov meydandan çıxanda heç kimlə görüşmədi və skamyaya təpik atdı. Bu barədə nə deyə bilərsiniz?

- Onunla danışdım, bu, normaldır. Oyundan sonra hamı əsəbi idi. Hər şeydən əvvəl heç bir oyunçu əvəzlənmək istəmir. Təpik vurduğunu görmədim. Amma o çox vacib epizod qaçırdığı üçün çox məyus idi. Nəticə komandanın istənilən üzvünə təsirini göstərir. Əsas olan odur ki, biz bugün 3 xal itirdik.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi