Yuxarı

"Keşlə"nin baş məşqçisi: "Komanda üzərində təzyiq çoxdur"

© Report — "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov

Bakı. 16 fevral. REPORT.AZ/ "Həddən artıq ağır oyun olacağını təxmin etmişdik. Çünki hər iki komanda qış fasiləsindən sonrakı hər iki oyunda uduzmuşdu. Bizim üzərimizdə təzyiq daha çox idi. Amma futbolçularımız çox istəkli idi. Səhvlərimiz də oldu, bunun üzərində çalışacağıq. Komandanın sona qədər mübarizə aparması, əzmkarlığı həlledici rol oynadı. Bu qələbə çox vacib idi. Turnir cədvəlinin son pilləsində yer almaq xoş deyildi. Komandanın oyununu təkmilləşdirməyə çalışırıq. Çalışırıq təzyiqləri futbolçuların üzərindən götürək.

"Report"un məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XVII turunda "Sumqayıt"a 2:1 hesabi ilə qalib gəldikləri qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında deyib. 48 yaşlı mütəxəssis digər sualları da cavablandırıb.

- Tərlan Quliyev və Sərtan Taşkın bu gün niyə meydanda deyildi?

- Məğlubiyyətdə hamının səhvi olur. Sadəcə, dəyişiklik etmək, məğlubiyyətin nədən baş verdiyini araşdırdıqca digərlərinə də şans verirsən. Onların ötən oyun elə böyük səhvi olmamışdı. Sadəcə, rotasiya etməyi düşündük. Dəyişikliyimiz də uğurlu alındı. Nə Tərlan, nə də Sərtanı siyahıdan silmişik. Onlar əsas heyət üzvləridir. Sadəcə, bu gün başqalarına şans verdim.

- Son yarım saatda komanda niyə "oturdu"?

- Komandanın üzərində təzyiq çoxdur. Birinci hissədə də qol vurduqdan sonra müdafiəyə çəkildik. Amma məşqlərdə demişdim ki, ancaq hücum futbolu oynayaq. 65-ci dəqiqədən sonra problemlə üzləşdim. Komanda oyundan qopma nöqtəsində idi. Bu, elə təzyiq idi ki, dəyişiklik etmək lazım idi. Düşünürəm ki, bu qələbə təzyiqi yüngülləşdirər.

- Bir qədər sonra başlayacaq oyunda "Neftçi"yə azarkeşlik edəcəksiniz?

- Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz. Mən işlədiyim komandaya azarkeşlik edirəm.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi