Yuxarı

​"Kəpəz"in qələbə topunun müəllifi: "Komandama xeyir verməyə çalışdım" - MÜSAHİBƏ

Dario Frederiko: Futbolumuzu oynaya bilsək “Admira”nı da keçə bilərik

Bakı. 9 iyul. REPORT.AZ/ "Kəpəz"in braziliyalı hücumçusu Dario Frederikonun "Report"a müsahibəsi...

- "Daçiya" ilə Moldovadakı Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə vurduğun qol cütün taleyini həll etdi. Görüş barədə nə deyərdin?

- Bəli, mənim üçün sevindirici oldu. Ancaq bu, təkcə mənim üçün deyil, bütün komanda üçün xüsusilə “Kəpəz” və Gəncə şəhəri tarixində ən yaxşı qələbələrdəndir. Bakıdakı oyundan sonra səfər görüşündə də uğurla çıxış etmək istəyirdik. Bunu da yaxşı bacardıq. Növbəti mərhələyə çıxmağımız üçün bir qolu vurmağım təbii ki, məni sevindirir.

- Yəqin etiraf edərsən ki, qolun qeydə alınmasında rəqib qapıçının səhvi də az rol oynamadı...

- Həmin zərbədən öncə topu önümə atdım və irəlilədim. Qarşımda müdafiəçilər var idi. Zərbədən əvvəl qolkiperə baxdım və gördüm ki, yaxşı vursam, qol ola bilər. Belə də oldu, endirdiyim zərbə bizim üçün vacib qələbəni gətirdi.

- Demək olarmı ki, bu qolla əvvəlki Dario özünə gəlmiş oldu?

- Düşünürəm ki, ilk oyunda da yaxşı oynadım və zədədən sonra komandama kömək edə bildim. Cavab matçında da daha yaxşı oynayıb komandama xeyir verməyə çalışdım. Təbii ki, vurduğum qol mənə daha yaxşı olmağım, inamım üçün kömək olacaq. Azərbaycan futbolsevərləri əvvəlki Darionu görəcəklər.

- Səncə, yeni transferlər olmalıdır?

- Biz yaxşı komandayıq, heyətimiz yaxşıdır, yaxşı da baş məşqçimiz var. Komandamızın avrokuboklara yüksəlməsində xidmətləri olmuş bir neçə oyunçu "Kəpəz"dən ayrılıb. Yeni transferin olub-olmayacağı barədə xəbərim yoxdur. Hər halda yeni oyunçular gəlsə onlar da bizə kömək edər. Hazırda “Kəpəz” bu heyətlə uğurlu nəticələr qazanır. Avrokuboklarda “Daçiya” səddini keçə bildik. Bu, “Kəpəz” üçün də yeni səhifədir.

- Avropa Liqasının II təsnifat mərhələsində Avstriya “Admira"sı ilə qarşılaşacaqsınız...

- “Admira"nın yaxşı komanda olduğunu bilirəm. Biz hər iki görüşdə də uğurlu nəticə üçün oynayacağıq. Öz futbolumuzu göstərmək niyyətindəyik. Düşünürəm ki, futbolumuzu oynaya bilsək “Admira”nı da keçə bilərik.

- Azərbaycanın digər klublarından təkliflər almısan?

- Bəli, zədədən əvvəl Azərbaycanın güclü klubları mənimlə maraqlanırdı. Amma mən “Kəpəz” kimi yaxşı komandada oynayıram. Burada da ən yaxşısını istəyirəm. Bəli, təklifim var idi, yaxşı da təklif idi. Ancaq ailəmlə danışdım, özüm və ailəm üçün ən yaxşısının “Kəpəz”də qalmaq olduğunu gördüm.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi