"Kəpəz"in baş məşqçisi postunda dəyişiklik baş verib

"Kəpəz"in baş məşqçisi postunda dəyişiklik baş verib Bakı. 25 iyul. REPORT.AZ/ Futbol üzrə 2018/2019 mövsümündə Azərbaycanın I divizionunda çıxış edəcək “Kəpəz” komandasına yeni baş məşqçi təyin olunub.
Futbol
25 İyul , 2018 16:05
Kəpəzin baş məşqçisi postunda dəyişiklik baş verib

Bakı. 25 iyul. REPORT.AZ/ Futbol üzrə 2018/2019 mövsümündə Azərbaycanın I divizionunda çıxış edəcək “Kəpəz” komandasına yeni baş məşqçi təyin olunub.

Klubun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Gəncə təmsilçisi Etibar İbrahimova həvalə olunub. O, bu postda Yunis Hüseynovu əvəzləyib. 

41 yaşlı mütəxəssis klubun bazasında keçirilən iclasda kollektivə təqdim edilib.

İcracı direktor Elnur Camalxanov rəhbərliyin klubun inkişafı istiqamətində Etibar İbrahimova olan inamını ifadə edərək ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Baş məşqçi isə etimada görə təşəkkürünü bildirib, “Kəpəz”in uğurlu çıxışı üçün bütün bacarığını ortaya qoyacağını vurğulayıb.

E.İbrahimov “Kəpəz” üçün yad sima deyil. Gəncə futbol məktəbinin yetirməsi olan mütəxəssis 16 yaşında Bərdənin “Pambıqçı” klubunun heyətində Azərbaycan çempionatının Yüksək Liqasında debüt edib. Hərbi xidmətlə bağlı karyerasını OİK-in əvəzedici heyətində davam etdirib və Azərbaycan çempionu olub. Amma aldığı ciddi zədə onu karyerasını erkən başa vurmağa məcbur edib. 21 yaşında futbolçu karyerasını başa vuran İbrahimov doğma şəhərində yerli idman məktəbində məşqçiliyə başlayıb. Bu sahədə tədricən bacarığını artırmaq üçün AFFA-nın təşkil etdiyi müvafiq məşqçi kurslarına yazılıb. Pilləli şəkildə kateqoriyaları uğurla başa vuraraq UEFA-nın Pro lisenziyasına yiyələnib. O, Almaniyanın “Borussiya” (Münhenqladbax), “Ayntraxt”, “Bayer” və Rusiyanın “Zenit” klublarında təcrübə keçib. Aşağı yaş qrupları üzrə Azərbaycan yığma komandalarında çalışıb. Vaxtilə ölkəmizdə də fəaliyyət göstərmiş Nikolay Adamın dəvəti ilə Hindistanın 17 yaşlılardan ibarət millisində almaniyalı mütəxəssisin köməkçisi işləyib.

İbrahimov “Kəpəz”də də iş təcrübəsinə malikdir. O, 2003-cü ildə klubun əsas komandasında Arzu Mirzəyevin köməkçisi olub. Bununla da İbrahimov 26 yaşında “sarı-göylər”in məşqçilər korpusunda yer almaqla klubun tarixinə əsas komandanın ən gənc çalışdırıcısı kimi düşüb. Gənc mütəxəssis bir müddət klubun əvəzedici heyətində də çalışıb.

Qeyd edək ki, “Kəpəz” ötən mövsüm Azərbaycan Premyer Liqasında sonuncu yeri tutub və elitanı tərk edib.

Son xəbərlər

Orphus sistemi