Yuxarı

Kamran Ağayev: "Real Madrid" kimi komanda öz evində 1:2 hesabı uduzur"

Kamran Ağayev: "Real Madrid" kimi komanda öz evində 1:2 hesabı uduzur"

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Ümumiyyətlə, asan heç nə olmur. Oyunumuz çətin alındı. İlk yarıda qoldan başqa epizodlarımız da oldu. Amil Yunanov fərqlənə bilərdi. Əks-hücumlardan yararlana bilərdik. Lakin hücumlara çıxa bilmirdik. Bunların üzərində işləmək lazımdır. Komandamız üzərində təzyiq var idi. Çünki sonuncu pillədə gedirik. 4-5 oyundur uduzuruq. Bu da özümüzə qarşı müəyyən inamsızlıq yaratmışdı. Bu qələbə bizə lazım idi. Çətin də olsa, qalib gəldik".

"Report" xəbər verir ki, bunu "Keşlə"nin qapıçısı Kamran Ağayev evdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının VIII tur matçından sonra keçirdiyi brifinqdə deyib.

Təcrübəli qolkiper digər sualları da cavablandırıb... 

Milli komandaların oyunları ilə əlaqədar çempionatdakı fasilə "Keşlə"yə kömək oldu, yoxsa yeni gələn oyunçularınıza?

- Baş məşqçimiz də avrokuboklardan sonra gəlib. İş görmək lazımdır. 

Milli komandanın Farer adaları və Malta ilə UEFA Millətlər Liqası matçlarında bəzi tənqidlərə məruz qaldın. Amma bu gün yaxşı qurtarışlar etdin... 

- Kim tənqid edirdi? Futboldan başınız çıxır? Məni tənqid edənlər millidə öz komandalarının qapıçısını görmək istəyirlər. Özüm isə onlara rəqib olan klubun qapıçısıyam. 

Farer adaları ilə oyunda çıxışda səhvə yol verirdin...

- Mən çıxışda səhv etmədim. Sadəcə, Rüfət Dadaşov mənə əlini qoymuşdu deyə, hava topunda elə etməli oldum. Top başımın üstündən getdi tuta bilmədim. Mən elə bildim ki, top onların hücumçusundan gəlib. Sonra bildim ki, bizim öz oyunçumuzdan gəlib. Top istiqamətin itirdi. Ondan sonrakı epizodda isə ayağım sürüşdü, topu tutdum. 9 metrdən cərimə zərbəsi verdilər. Başqa heç nə olmadı.

Həmin oyunlardan sonra tənqid olundunuz... 

- Azarkeşlər çox şey yaza bilərlər. Bu gün "Zirə"nin azarkeşi yazacaq ki, Anar Nəzirov qapıda dursun. O duranda da "Keşlə"nin azarkeşi yazır ki, Kamran dursun. Əlbəttə zəif oynadım. Demirəm ki, yaxşı çıxış etdim. Həmin matçlardan yaxşı oynadığımı demirəm. Müəyyən epizodlarda zəif idim. 4 oyuna 2 top buraxmışıq. Birini də penaltidən vurublar. Biri də ki, son oyunda olub. Yəqin ki, son buraxılan qolun epizodunu xatırlayırsınız. Bu, normal bir şeydir. Heç kimin ixtiyarı yoxdur ki, məni ələ salsın. Həmin epizodu gözümün qabağına gətirmişəm. Məni çox tənqid ediblər. Bu gün tənqid eləyən sabah öpüb, qucaqlayır. Elə şeylərə alışmışıq. Ümumiyyətlə, milli komanda barədə çox danışmaq istəmirəm.

Bu gün yaxşı çıxış etdin. Sanki bu, tənqidlərə bir cavab idi...

- Əslində mən həmin oyunlarda qapıda normal durmuşan. Amma xalqın gözü qarşısında o qədər oyunlar keçirmişəm ki, hamı məndən ən yaxşısını gözləyir. Lakin normal oyun olanda hamı tənqid edir. Mən də insanam. Səhvsiz adam olmur. İdeal insan yoxdur. Bu gün mənəmsə, sabah da başqası dayana bilər qapıda. Bizim də futbolu bitirən vaxtımız olacaq.

Səncə, bu gün "Keşlə" layiqli qələbə qazandı?

- Asan heç nə olmur. Pik komandalardan götürək. Məsələn, "Real Madrid" kimi komanda öz evində 1:2 hesabı uduzur. Əziyyətsiz heç nə mümkün deyil. "Real Madrid" 3-4 epizodda topu dirəyə vurub. Onda belə çıxır ki, qələbəyə onlar layiq idi? Xeyr. Qol vurandan sonra müdafiə olunduq. Bəlkə də 1:1 olsaydı, başqa oyun üslubundan istifadə edə bilərdik. Qapıya vurulan hər zərbə qol epizodu deyil. Epizod oyun sərgiləməkdir. Zərbələri epizod kimi qəbul eləmək olmaz. Qurulan kombinasiyaları reallaşdıra, məşqlərdəki oyunda tətbiq edə bilirsənsə, bunlar epizoddur. 1:0 önə keçəndən sonra müdafiə olunduq. Rəqibin şansları oldu. Bizim komandamıza qarşı təzyiq var. Qələbə bizə çox lazım idi.

Qeyd edək ki, "Keşlə" cari mövsümdə ölkə çempionatında ilk qələbəsini qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi