Yuxarı

“Zirə”nin kapitanı: “Bu komanda sonuncu pillədə olmamalıdır” - MÜSAHİBƏ

Kubok səhvlərin düzəldiləcəyi uzun marafon deyil

Bakı. 18 yanvar. REPORT.AZ/ “Toplanış plana uyğun gedir. Düzdür, “Taraz”la nəzərdə tutulan ilk yoxlama oyunumuz əlverişsiz hava şəraiti üzündən ləğv edildi, lakin bu gün “Voluntari” ilə matçımız var. Hazırda əsas məqsəd komandanın fiziki və psixoloji durumunun qaydaya salınmasıdır”.

Bunu “Report”a Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Zirə” futbol komandasının kapitanı Kamal Bayramov hazırlıq prosesini dəyərləndirərkən deyib. 34 yaşlı qapıçı digər sualları da cavablandırıb...

- Antalyada hava şəraitinin gözlənildiyi kimi keçməməsi hazırlıq prosesinə mane olmur?

- Qazaxıstan klubu ilə ləğv edilən yoxlama matçımız xaric, ciddi bir problem yoxdur. Yanvarın 15-də nəzərdə tutulan görüşün əvəzinə iki məşq keçdik. Hazırda hava durumu çox yaxşıdır. İstədiyimiz səviyyədə hazırlıq keçmək üçün hər cür şərait yaradılıb. Toplanışın bəhrəsini görəcəyimizə əminəm.

- Yeni baş məşqçi Samir Abasovla ölkə xaricində təlim-məşq toplanışı əvvəlkilərdən nə ilə fərqlənir?

- Hər mütəxəssisin özünə məxsus fəlsəfəsi, yanaşması var. Bu cür toplanışlar baş məşqçinin oyun anlayışını komandaya aşılamaqda çox kömək edir. Samir müəllim yerli baş məşqçi olduğu üçün çoxumuzun potensialına bələddir. Ona görə də iş prosesində çətinliklə üzləşmirik.

- Qış "transfer pəncərəsi" daha çox qapıçıların klub dəyişməsi ilə əlamətdar oldu. Sizcə, bu, yerli qapıçıların azlığından irəli gəlir?

- Hər bir klubun üst səviyyədə oynaya biləcək yerli qapıçıya ehtiyacı var. Dəyişikliklərin sırf qapıçı sayının azlığı ilə bağlı olduğunu düşünmürəm. Hərənin öz səbəbi var. Kimisi ehtiyatda qalmaq istəmir, kimisi isə daha yaxşı şərtlər istəyir.

- Komanda yoldaşınız Anar Nəzirovun "Qəbələ"yə gedişi sizin üçün gözlənilməz olmadı?

- Açığı, belə olacağın gözləmirdim. Onun “Zirə”də çox əziyyəti olub. Yeni klubunda uğurlar arzulayıram. Əvəzində Orxan Sadıqlı bizə gəlib. O da perspektivli qapıçıdır. Komandamıza çox faydası dəyəcək.

- Bəs özünüzün başqa kluba keçmək ehtimalınız var idi?

- Hazırda bu barədə düşünmürəm, klubumla müqaviləm var. İşimin məsuliyyətini çox yaxşı dərk edirəm. İndi elə durumdayıq ki, heç vaxt olmadığı qədər əzmkarlıq göstərməli, “Zirə”ni layiq olduğu mövqelərə qaldırmalıyıq.

- Komandanız Premyer Liqada sonuncu pillədədir. Mövsümü neçənci yerdə başa vuracağınızı təxmin edirsiniz?

- Düzdür, sonuncu yerdəyik. Ancaq indi yalnız bunu beynimizə yeritsək, özümüzü çətinə sala bilərik. Son matçlarımız bizi ümidləndirdi. Mövsümün ikinci bölümünə yaxşı start vermək istəyirik. Potensialımıza uyğun olmayan mövqedəyik. Ona görə də vəziyyəti dəyişmək üçün əlimizdən gələni edəcəyik. Bu komanda sonuncu pillədə olmamalıdır.

- Azərbaycan Kubokunun yarımfinalında "Sumqayıt"la qarşılaşacaqsınız. Komandanızın kuboku qazanma ehtimalı nə dərəcədə realdır?

- Kubokla çempionat fərqlidir. Sona qalan 4 komandanın şanslarının bərabər olduğunu düşünürəm. Finala çıxmaq yüksək pisxoloji hazırlıq və səbr istəyir. Kubok səhvlərin düzəldilə biləcəyi uzun marafon deyil. Bu cür duellərdə bütün komponentlərdə rəqibdən geri qalmamalısan. Lakin fikrimcə, kuboku psixoloji baxımdan daha hazırlıqlı olan komanda qazanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi