Yuxarı

İsveçrənin baş məşqçisi: "Azərbaycan millisi çox ürəkli oynayırdı"

​İsveçrənin baş məşqçisi: "Azərbaycan millisi çox ürəkli oynayırdı"

"Qalib gəlsək də, bizim üçün asan olmadı. Çünki Azərbaycan millisi çox ürəkli oynayırdı. Üç oyundan 9 xal qazandığımız üçün özümü xoşbəxt hiss edirəm".

"Report" xəbər verir ki, bunu İsveçrənin U-21 yığmasının baş məşqçisi Mauro Lustrinelli Azərbaycan millisini Sumqayıtda 1:0 hesab ilə məğlub etdikləri Avropa çempionatının seçmə oyunundan sonra deyib.

Bakıda olduğu müddətdə Azərbaycan dilində "qəşəng" sözünü öyrənən isveçrəli mütəxəssis fikirlərinə belə davam edib: "Burada qalib gəlmək çox çətin idi. Meydanı, atmosferi çox bəyəndim. Hər şey çox qəşəngdir. Stadion kiçik olsa da, hər şey yaxşı təşkil olunmuşdu. Rəqibin təzyiqi qarşısında dözməyə çalışdıq. Bu, komandamız üçün ciddi keyfiyyətdir".

Onun sözlərinə görə, oyun heç-heçə başa çatsaydı, bunu normal qarşılayacaqdı: "İlk hissədə 2-3 qol vura bilərdik. Fasilədən sonra rəqib təzyiqi artırdı. Fərqlənə də bilərdilər. Azərbaycan millisi son 2-3 il ərzində çox inkişaf edib. Belə davam etsələr, daha da yaxşı olacağına inanıram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi