İsgəndər Cavadov Minsk "Dinamo"sunun keçmiş futbolçusunun onu vurduğuna dair açıqlamaya cavab verib

İsgəndər Cavadov Minsk "Dinamo"sunun keçmiş futbolçusunun onu vurduğuna dair açıqlamaya cavab verib Futbolçu karyerası ərzində heç vaxt döyülmədiyini söyləyib
Futbol
1 Aprel , 2017 16:39
İsgəndər Cavadov Minsk Dinamosunun keçmiş futbolçusunun onu vurduğuna dair açıqlamaya cavab verib
Report.az

Bakı. 1 aprel. REPORT.AZ/ "Məni vurduğunu deyən Yuri Truxan adlı futbolçunu xatırlamıram".

Bunu "Report"a açıqlamasında "Neftçi"nin sabiq futbolçusu və AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov Belarusun "Dinamo" (Minsk) komandasının sabiq müdafiəçisi Yuri Truxanın fikirlərini şərh edərkən deyib. 

Truxan "Belarus Seqodnya" nəşrinə müsahibəsində iki komanda arasındakı görüş zamanı Cavadovun qapıçıya qarşı kobud oyununa cavab olaraq bir zərbə ilə onun gözünün altını qaraltdığını bildirib. Veteran oyunçu həmin zərbəni azərbaycanlı hücumçunun uzun müddət unutmadığını da əlavə edib. Lakin o, hadisənin nə vaxt baş verdiyini açıqlamayıb. Əvəzində bildirib ki, etdiyi hərəkətə görə 5 oyunluq cəzaya məruz qalıb.

Cavadov isə futbolçu karyerası ərzində heç vaxt döyülmədiyini söyləyib. O, yalnız top uğrunda mübarizələr zamanı rəqiblərinin kobudluğu ilə qarşılaşdığını açıqlayıb: "1981-ci ildə Rusiya MOİK-i ilə oyun zamanı Vladimir Bukiyevski burnumu sındırmışdı. Buna görə Bukiyevskiyə 3 oyunluq cəza verdilər. Həmçinin 1983-cü ildə Ermənistan "Ararat"ı ilə görüşdə rəqibin xatırlamadığım futbolçusunun sərt oyunu səbəbindən iki komanda arasında insident yaşanmışdı".

Cavadov karyerası ərzində təhlükəli oyunçu kimi daim rəqib müdafiəçilərin kobudluqlarına məruz qaldığını, amma bunlara heç vaxt cavab vermədiyini deyib: "Bilmirdilər ki, məni necə saxlasınlar. Vururdular, cavab vermirdim. Hətta hakimlər deyirdilər ki, niyə cavab vermirsən? Bax, buna görə hakimlər arasında da hörmət qazanmışdım. O vaxtlar qırmızı vərəqəni nadir hallarda göstərirdilər".

Qeyd edək ki, Yuri Truxan Minsk "Dinamo"sunda 1978-1988, İsgəndər Cavadov isə "Neftçi"də 1977-1982 və 1983-1988-ci illərdə forma geyinib.  

Son xəbərlər

Orphus sistemi