Yuxarı

İranlı qadın futzalçı ərinin qadağasına məhəl qoymadan dünya çempionatına yollanıb

Nilufər Ərdalana bu hüququ İran prokurorluğu verib

Bakı. 24 noyabr. REPORT.AZ/ Qadın futbolçu Nilufər Ərdalan Qvatemalamada keçiriləcək futzal üzrə dünya çempionatında İran milli komandasının tərkibində çıxış etmək hüququ qazanıb. "Report"un "Yahoo News"a istinadən verdiyi məlumata görə, bu qərar ona əri tərəfindən qoyulmuş qadağaya rəğmən çıxarılıb.

İslam qanunlarına əsasən, ərli qadın həyat yoldaşının razılığı olmadan ölkəni tərk edə bilməz. İran hökuməti isə Ərdalanın çempionatda iştirakını təmin edib. "Prokurorun mənə ölkədən bir dəfəlik müvəqqəti çıxış hüququ verməsindən sonra milli komandada yer ala bildim" deyə futzalçı bildirib. İran televiziyası isə artıq onun yığma ilə birgə Meksikada olduğu və Qvatemalaya viza gözlədiyi xəbərini verib.

30 yaşlı idmançı sentyabrda Asiya çempionatını buraxmalı olub. Əri, idman jurnalisti Mehdi Tütünçü hesab edib ki, onların 7 yaşlı oğlu ilk dəfə məktəbə getdiyi gün evdə olmaq lazımdır.

Qeyd edək ki, şəriət qanunları qadınlara idman tədbirlərinə getməyi, ümumiyyətlə, hansısa komandaya və ya idmançıya azarkeşlik etməyi qadağan edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi