Yuxarı

"İnter" klubu "Qarabağ"la matçın hakimliyinə etiraz edib - VİDEO

Georgi Nikolov: Şikayətimiz 2 epizodla bağlıdır

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakının "İnter" klubu futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda "Qarabağ"la keçirdikləri oyunun hakimliyindən şikayət edib. Bu barədə "Report"a klubun prezidenti Georgi Nikolov məlumat verib.

Bolqarıstanlı funksionerin sözlərinə görə, etiraz iki epizodda baş hakim Elvin Əsgərovun qəbul etdiyi qərarlarla bağlıdır: "Hakimliyə şərh vermək niyyətində deyiləm. Belə qərarlar veribsə, deməli, heç nəyi dəyişmək olmaz. Əlbəttə, bizim də öz mövqeyimiz ola bilər. Klub inzibatçılarına tapşırıq vermişəm ki, etiraz yazsınlar. Narazılığımız konkret epizodlarla bağlıdır. Fikrimizdə, bəzi epizodlarda yanlış qərarlar qəbul olunub. Bunlar qapımıza təyin olunan və daha öncə "Qarabağ"ın öz cərimə meydanında əllə oynadığı, amma referinin bunu görmədiyi epizodlardır. Hər iki qərardan şikayət etmək istəyirik. Etirazımızı təmin edib-etməyəcəklərini bilmirəm. İstənilən halda, bu, nəticəni dəyişməyəcək. Nəticə məlumdur, uduzmuşuq. 2 qol buraxmışıq və 2 qırmızı vərəqə almışıq".

G.Nikolov "İnter"in qapısına penalti təyin olunduqdan sonra qovulan qapıçı Georgi Lomayanın mümkün cəzasının ləğvini arzuladıqlarını da dilə gətirib: "Yaxşı olardı ki, Georginin cəzası ləğv olunsun. Çünki digər qapıçımız Səlahət Ağayev zədəlidir və uzun müddət sıralarımızdan kənarda qalacaq. Gürcüstanlı qapıçımıza da cəza verilsə, vəziyyətimiz kritik olacaq. İmkan daxilində onun mümkün diskvalifikasiyasının ləğvini istərdik".

Klub prezidenti "İnter"in digər gürcüstanlı legioneri Zurab Xizanişviliyə göstərilmiş qırmızı vərəqəni doğru qərar adlandırıb: "Orada nə baş verdiyini görmədim. Hazırda bu barədə bir söz deyə bilmərəm. Yəqin ki, danışdığı üçün qırmızı vərəqə alıb. Fikrimcə, hakim haqlıdır. Mübahisəli vəziyyətdirsə, etiraz edə bilərsən. Amma sərt tonda danışmaq olmaz".

Qeyd edək ki, "Qarabağ"la matç "İnter"in 0:2 hesablı məğlubiyyəti ilə nəticələnib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi