Yuxarı

"İnter"in Avroliqadakı bombardiri: "Səbirsizliklə "Atletik"lə oyunun startını gözləyirəm" - MÜSAHİBƏ

Nika Kvekveskiri: Mənim üçün Bilbaoda futbol oynamaq əsl bayramdır

Bakı. 30 iyul. REPORT.AZ/ Bakının "İnter" klubunun futbolçusu Nika Kvekveskiri İspaniya "Atletik"i ilə Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu öncəsi Gürcüstan Futbol Federasiyasının rəsmi saytına danışıb. "Report" komandanın Albaniya "Laçi"si və İslandiya "Hafnarfyördur"u ilə səfər matçlarında üst-üstə 2 qol vuraraq bombardirinə çevrilmiş 23 yaşlı yarımmüdafiəçi ilə müsahibəni təqdim edir...

- Komandada ümumi əhval-ruhiyyə necədir?

- Baş məşqçimiz Zaur Svanadze bizi "Atletik"lə qarşıdakı iki oyuna müsbət yöndən kökləyib. Bu da səfər və ev matçları üçün ən vacib məqamdır. Məşqçilər heyətinin sayəsində özümüzü güclü komanda kimi hiss etməyə başlamışıq. Svanadze bizdən bütün həyəcan və qorxu hisslərini bir kənara qoymağı və nəyə qadir olduğumuzu göstərməyimizi istəyib.

- Hər halda Bilbao və "Atletik"in tarixindən xəbərdarsınız, rəqibin nəyə qadir olduğunu bilirsiniz...

- Məncə, İspaniyanın güclü çempionatı var və "Atletik"in nəticələri də bunu təsdiqləyir. Səbirsizliklə oyunun startını gözləyirəm. Bilbao İspaniya oyun üslubu və fəlsəfəsi baxımından ən fərqli məkanlardandır. Bunları bizim də sınaqdan çıxarmağımız maraqlı olardı. Mənim üçün Bilbaoda futbol oynamaq əsl bayramdır. Ümidvarıq ki, "İnter" özünü ən yaxşı tərəfdən göstərəcək.

- Oyunətrafı ajiotaj, yerli komandaya azarkeş dəstəyi hansı səviyyədədir?

- Açığı, mən nə isə qeyri-adi bir şey müşahidə etməmişəm. Yəqin ki, "San Mames" stadionu tam dolacaq. Bu, "Atletik"in yeni mövsümdə ilk rəsmi matçını keçirəcəyi ilə bağlıdır. Təkcə Bilbaoda deyil, İspaniyada 2015-2016 futbol mövsümünün birinci rəsmi oyunu keçiriləcək.

- "İnter" karyeranızda ilk əcnəbi komandadır. Komandaya uyğunlaşa bilmisiniz?

- Deyə bilmərəm ki, adaptasiya prosesi başa çatıb. İlk növbədə normal təlim-məşq toplanışı keçməmişik. Amma Avropa Liqasında iki mərhələ keçmişik. Svanadzenin komandaya və şəxsən mənə aid tələbləri var. Komandanın heyətində vurduğum ilk qol mənə özünəinam hissi verib. Ümidvaram ki, özünəinam həm də komandaya aiddir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi