Yuxarı

​Fikrət Hüseynov: "Sumqayıt"ın "Neftçi"yə oyun verəcəyinə inanmıram" - MÜSAHİBƏ

İnanırıq ki, Rüfət Musayev yaxın zamanlarda bu bəladan qurtulacaq

Bakı. 20 may. REPORT.AZ/ AZAL-ın vitse-prezidenti və AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynovun "Report"a müsahibəsi:

- Bu gün mövsümün son oyununda "Qarabağ"la görüşəcəksiniz. Bu oyundan sonra AZAL-ın Avropa Liqasına vəsiqə qazanıb-qazanmayacağı məlum olacaq. Çempion komanda ilə oyun haqda nə düşünürsünüz?

- Avropa Liqasına getməyimiz həm bizdən, həm də "Sumqayıt" - "Neftçi" oyunundan asılıdır. Ancaq biz meydana qələbə üçün çıxacağıq. Bir məsələ də var ki, zəif komanda ilə yox, "Qarabağ"la oynayırıq. Üstəlik, çempion komanda sonuncu oyununu evdə keçirir, görüşdən sonra qızıl medallarına qovuşacaq. Bu səbəbdən, "Qarabağ" da meydana yüksək motivasiya ilə çıxacaq.

- Sonuncu oyun olsa da, "Qarabağ" çempionluğu bir neçə tur əvvəl təmin edib, komandaya xal lazım deyil. Bu mənada, düşünmürsünüz ki, Ağdam klubuna qalib gəlmək də mümkündür?

- Onlara qələbə lazım olsa da, olmasa da meydana 3 al üçün çıxacağıq. Fikrimcə, futbolda "xal lazım deyil" demək düzgün çıxmır. "Qarabağ"ın adı, tarixi var. Kimliyindən asılı olmayaraq, hər bir komanda çempion olsa da, meydana qələbə üçün çıxır.

- Təsəvvür edək ki, "Qarabağ"ı səfərdə yendiniz və 3 xal qazandınız. Ancaq AZAL-ın avrokubok taleyi Sumqayıtda həll olunacaq. Bu oyundan nə gözləyirsiniz: "Sumqayıt" bilərəkdən "Neftçi"yə xal verər?

- Bilirsiniz, "bilərəkdən" sözünü futbolda işlətməkdən xoşum gəlmir. Bu söz Azərbaycan futbolundan uzaqdır və mənə elə gəlir ki, belə bir şey ola bilməz. "Sumqayıt" cavan komandadır və onlara "Neftçi"yə qarşı yaxşı oyun göstərmələrini arzu edirəm. Futboldur, uda da bilərsən, elə olar ki, uduzasan. Ancaq heç nədən götürüb oyunu versinlər, bu, düzgün gəlmir. Heç vaxt inanmaram ki, "Sumqayıt" belə etsin.

- Avropa Liqasına AZAL gedəcək, yoxsa "Neftçi": Şansları necə dəyərləndirirsiniz?

- "Neftçi" bir müddət zəif oynasa da, onlar da gedə bilər, biz də. Tərlan Əhmədov cavan, yeni komanda qurub. Biz getsək, 3-4 futbolçu ilə güclənəcəyik. Şanslara gəlincə, "Qarabağ"la səfərdə oynayırıq. "Neftçi" isə bu oyunda turnir cədvəlindəki mövqeyi müəyyənləşən "Sumqayıt"a qaşrı oynayır. Üstəlik, "Neftçi"yə bir xal da kifayət edə bilər. Bunlara baxmayaraq deyərdim ki, şanslar eynidir.

- Yəni, üstünlüyü "Neftçi"yə vermirsiniz?

- Yenə deyirəm, bu, futboldur və hər şey ola bilər. "Neftçi" topu 5 dəfə dirəyə vurar, 2 penaltini qaçırar. Amma elə olar ki, "Sumqayıt" 1 qol vurub qələbə qazanar. Həmçinin, "Qarabağ" AZAL-ı oyun boyu sıxa, çoxlu hücum qura bilər, ancaq AZAL bir hücum edib qol vurar. Yəni, futbolda mümkünsüz bir şey yoxdur və hər şey ola bilər. "Neftçi" ilə 5 xal fərqimiz vardı, sonradan xallar itirdik.

- Dirsəyində şiş aşkarlanan futbolçunuz Rüfət Musayevin vəziyyəti necədir?

- Rüfətin vəziyyəti yaxşıdır. Artıq 4-cü dəfə Moskvaya gedib və qayıdıb. Proseslər normal gedir. Kimya terapiyasından keçib və hazırda fizioterapiyadadır. Hər şey yaxşılığa doğru gedir. Cavan oğlandır və ona ancaq şəfa arzulayırıq. İnanırıq ki, yaxın zamanlarda bu bəladan qurtulacaq.

- Komanda ilə məşqlərə qoşulur?

- Xeyr, birgə məşq etmir. Ancaq ümumilikdə komanda ilə bir yerdədirlər. Məşqlərə, oyunlara baxır. Özü hələlik məşqdən uzaqdır.

- Həkimlər Rüfətin məşqlərə qoşulmasına nə vaxt icazə verəcəklər?

- Bərpa dövründən asılıdır. Bu, 6-7 ay da ola bilər. Rüfət gənc olduğundan, inanırıq ki, vəziyyəti tezliklə düzələcək.

- Müalicənin qarşıdakı mərhələsində yenidən xarici ölkəyə göndərilməsi nəzərdə tutulub?

- Bu barədə heç bir problem yoxdur. Lazım olsa, yenə göndəriləcək. Hələlik 4 dəfə demişdilər və bu da yerinə yetirildi. Reabilitasiyadan sonra bilinəcək.

- Bundan başqa müalicə üçün nələr həyata keçiriləcək?

- Bunu dəqiq deyə bilmərəm. Çünki həkimdən maraqlanırıq, onların bizə dediklərini bilirik. Qarşıda nələrin olacağına həkimlər qərar verəcək. Təxminən bir aya yenidən məlumat veriləcək.

- Klublar Komitəsinin növbəti iclası nə vaxt olacaq?

- 17 yaşadək futbolçular arasında Bakıda keçirilən Avropa çempionatının finalından sonra, Azərbaycan Kubokunun finalından isə ya əvvəl, ya da sonra yığışacağıq. İki klub - "Qarabağ"la "Neftçi" ölkə kubokunun finalına hazırlaşır. Mənə elə gəlir ki, ayın sonunadək iclas keçiriləcək.

- Gündəliyə yeni məsələ daxil ediləcək?

- Artıq gündəliklər klublara göndərilib və onların təkliflərini gözləyirik. Görək kim hansı təklifi verəcək. Legioner futbolçuiların rüsumu ilə bağlı İşçi Qrupu yaradılıb və bununla əlaqədar da söhbətimiz olacaq.

- Klublar Komitəsi iclas keçirdiyi vaxt mövsüm başa çatacaq. İclasda Premyer Liqadan gedən komandalar və ya aşağı dəstədən gələnlər, yeni mövsümdə elitada çıxış edəcək klublarla, lisenziya verilməsi ilə bağlı müzakirələr olacaq?

- Təbii ki, mütləq müzakirələr olacaq. Lisenziyadan keçən və keçməyən komandalar müzakirə olunacaq. Ötən il "Kəpəz" orta pillələrdə idi, amma lisenziya tələblərinə cavab verdiyi üçün Premyer Liqaya yüksəldi. Bunların da hamısını müzakirə edəcəyik.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi