Yuxarı

Fərhad Vəliyev: “Referi Ronaldunun Azərbaycan millisinə vurduğu qolu saymamaqla səhv etdi” - VİDEO

Fərhad Vəliyev: “Referi Ronaldunun Azərbaycan millisinə vurduğu qolu saymamaqla səhv etdi” - VİDEO
“Buffonun səhvə yol verdiyini düşünmürəm

Bakı. 4 aprel. REPORT.AZ/ “Ronaldunun “Yuventus”a vurduğu qolu izləyəndə mənim qoruduğum qapıya vurduğu zərbəsini xatırladım”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq qapıçısı Fərhad Vəliyev “Real Madrid”in futbolçusu Kriştianu Ronaldunun Çempionlar Liqasının 1/4 finalında “Yuventus”u 3:0 hesabı ilə məğlub etdikləri görüşdə aşırma zərbə ilə vurduğu qolu şərh edərkən deyib.

Hazırda “Sumqayıt”ın formasını geyinən qolkiper bildirib ki, yığmanın 2006-ci il oktyabrın 7-də AÇ-2008-in seçmə mərhələsi çərçivəsində Portuqaliya kollektivinə 0:3 hesabı ilə uduzduğu qarşılaşmanın referisi Ronaldunun qolunu hesaba almamaqla yanlışlığa yol verib: “Həmin vaxt Ronaldu yeni parlamağa başlamışdı, bu cür aşırma zərbələrdən tez-tez istifadə edirdi. Epizodu yaxşı xatırlayıram. Topu qəbul edib “doqquzluğ”a yönəltdi. Amma top tirə dəyib qapı xəttini keçsə də, referi səhvə yol verdi və qolu qeydə almadı. Portuqaliyalı futbolçular hakimlərə etirazlarını bildirsələr də, qərar dəyişmədi. Açığı, həmin anda topun qapı xəttini keçdiyini gördüm, lakin özümü itirmədim. Topu ələ keçirib tez hücumu başlatdım. Hesabda 0:1 geridə idik. Özümün qol olduğunu etiraf etməyim düz çıxmazdı”.

37 yaşlı futbolçu Ronaldunun fərqləndiyi epizoda görə “Yuventus”un qapıçısı Canluici Buffonu tənqid edənlərlə razılaşmadığını deyib: “Buffonun səhvə yol verdiyini düşünmürəm. Çünki zərbə həm güclüdür, həm də onun əks istiqamətində gedir. Bu cür ani və fərqli tərzdə vurulan zərbələri dəf etmək çox çətindir. Zərbəni vuran Ronaldudursa, vəziyyət daha da qəlizləşir. Hər futbolçu iki metrdən çox hündürlükdəki topa ayaqla zərbə endirə bilməz”.

Qeyd edək ki, Fərhad Vəliyev 2006-2010-cu illərdə Azərbaycan millisində çıxış edib və 32 görüşdə meydana çıxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi