Fariz Nəcəfov: "Roman Qriqorçukun komanda ilə müqaviləsi mayda başa çatacaq" - MÜSAHİBƏ

Fariz Nəcəfov: "Roman Qriqorçukun komanda ilə müqaviləsi mayda başa çatacaq" - MÜSAHİBƏ Qəbələ. 29 aprel. REPORT.AZ / Qəbələ klubunun vitse-prezidenti Fariz Nəcəfov evdə Kəpəzi 3:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XXV tur matçından sonra Reportun suallarını cavablandırıb.
Futbol
29 Aprel , 2018 20:05
Fariz Nəcəfov: Roman Qriqorçukun komanda ilə müqaviləsi mayda başa çatacaq - MÜSAHİBƏ
Fariz Nəcəfov

Qəbələ. 29 aprel. REPORT.AZ / "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov evdə "Kəpəz"i 3:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XXV tur matçından sonra "Report"un suallarını cavablandırıb. 

Müsahibəni təqdim edirik:

- Matçı necə dəyərləndirirsiniz?

- "Kəpəz"lə oyunlarımız həmişə gərgin alınıb, çətin keçib. Bu gün də belə olacağını gözləyirdik. Lakin yaxşı ki, uşaqlar istəkli oynadılar və birinci hissədə matçın müqəddəratını həll etdilər. Əvvəlki qarşılaşmalarda isə qələbə qazana bilmirdik. Bu da komandanın vəziyyətini gərginləşdirirdi. 

Artıq çempionat yekunlaşır. Qarşıda 3 tur qalıb. Bir də Azərbaycan Kubokunda final matçımız var.

- Bu qələbə final oyunu üçün stimul yarada bildi?

- İndidən elə demək olmaz. Kubokla çempionat fərqli yarışlardır. Lakin belə oyunların əzmkar, istəkli alındığını görəndə final matçının maraqlı keçəcəyinə ümid yaranır. Amma demək olmaz ki, çempionatdakı qələbə kubokdakı oyun üçün stimul yaradır və ya əksinə. Finala hələ bir ay var.

- "Keşlə" ilə oyununuz "Qəbələ"də arxayınlıq yaratmayıb?

- Qətiyyən. Baş məşqçi Roman Qriqorçukla da, futbolçularla da bu barədə söhbətimiz olub. Birincisi, hələ oyuna çox vaxt var. Digər tərəfdən, final matçı bir oyunluqdur. Burada istənilən komanda qalib gələ və ya məğlub ola bilər. Ona görə də, bu görüşə hər iki komanda tam fərqli ruhda çıxacaq. Boşalmaq olmaz və arxayınlıqdan, eyforiyadan söhbət gedə bilməz.

- Belə söz-söhbətlər gəzir ki, “Qəbələ” mövsümün sonunda Roman Qriqorçukla yollarını ayıracaq. Bu, nə dərəcədə doğru məlumatdır?

- Bu barədə hələ bir söz deyə bilmərəm. Hələlik onunla heç bir söhbətimiz olmayıb. Roman Qriqorçukla belə razılaşmışıq ki, bu tip məsələləri çempionatın sonunda müzakirə edək. Onun komanda ilə müqaviləsi mayın sonunda başa çatacaq. Yalnız bundan sonra açıqlama verməyimiz mümkündür.   

Son xəbərlər

Orphus sistemi