Yuxarı

Əsgər Abdullayev: "Heç vaxt futbolçularla rəqabət aparmamışam"

Turan Tovuzun Premyer Liqada çıxışı heç də pis olmazdı

Bakı. 14 mart. REPORT.AZ/ "Neftçi" futbol komandasını sabiq baş məşqçisi Əsgər Abdullayev "Turan Tovuz"un sükanı arxasına keçəcəyinə dair xəbərlərə aydınlıq gətirib. 56 yaşlı mütəxəssis "Report"a açıqlamasında I Divizion komandasında çalışmağın əleyhinə olmadığını bildirib. 

Lakin o, hələlik məsələnin tam dəqiqləşmədiyini vurğulayıb: "Hələ heç kiminlə müqavilə imzalamamışam. Siz hər şeyi qabaqlayırsınız. İndi də evdəyəm. Müqavilənin bağlanmağını isə sizdən eşidirəm. Həm "Neftçi"nin Müşahidə Şurası üzvlüyü kimi taleyimə, həm də "Turan Tovuz"da çalışıb-çalışmayacağıma bu gün aydınlıq gələcək. Əvvəlcədən heç nə deyə bilmərəm. "Ola bilər" də deyə bilmərəm. Hər halda bugünkü görüşdən sonra bütün məsələlərə aydınlıq gələcək". 

Onun fikrincə, "Turan Tovuz" gələn mövsüm Premyer Liqada çıxış etsəydi, daha yaxşı olardı: "Hamımız bilirik ki, Tovuzun yetirmələri bir çox klublarda forma geyinir. "Neftçi"də, "Qarabağ"da bu futbolçulara rast gəlmək olar. "Turan Tovuz"un Premyer Liqada çıxışı heç də pis olmazdı. Belə bir fikir varsa, çox ağıllı ideyadır". 

Ə.Abdullayev keçmiş komandası "Neftçi" barədə danışmaq istəməsə də, çalışdığı müddətdə tez-tez tənqid olunduğu futbolçu Elşən Abdullayevlə münasibətlərinə toxunub: "Keçmiş futbolçusu, bir müddət də baş məşqçisi olaraq "Neftçi"yə uğurlar arzu edirəm. Məncə, "Neftçi"nin öz oyun üslubu var və bununla da davam edir. Hər şeyi Allahla danışmaq lazımdır. Elşən perspektivli, start heyətində meydana çıxmağa layiq futbolçudur. Mənim vaxtımda da həmişə oynayıb. Sadəcə, oynamadığı vaxtlarda zədəli olub. Elşən həmişə meydanda olub. Onun böyük gələcəyi var. Mənim fikrim hər kəsə aydın olacaqsa, o, fikir deyil. İkinci dövrədə "Qarabağ"la oyunda komanda naminə belə bir gediş lazım idi və etdim. Elşən Abdullayevi oyuna əvəzetmədən daxil etdim və sonra meydandan çıxardım. Heç vaxt futbolçularla rəqabət aparmamışam və belə fikrim olmayıb. Ona hörmətim var, həm özünə, həm davranışına. Gələcəyi də var. Heç vaxt kiminləsə rəqabət aparmaq fikrim olmayıb. Məşqçi hər bir komandada işləyə bilər. Ona görə də hər bir keçmiş komandama uğurlar arzulayıram".

Qeyd edək ki, Əsgər Abdullayev "Neftçi"də 2015-ci il noyabrın 22-dən bu il martın 5-dək çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi