Elxan Məmmədov: "Sabah tarix yaza bilərik"

Elxan Məmmədov: "Sabah tarix yaza bilərik" "Azarkeşlərin komandamıza dəstək verəcəyinə inanırıq"
Futbol
4 May , 2016 18:56
Elxan Məmmədov: Sabah tarix yaza bilərik

Bakı. 4 may. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədovun “Report”a müsahibəsi

- Sabahkı oyunla və hazırlıq işləri ilə bağlı nə deyə bilərsinizz?

- Sabah millimizin oyununa mümkün qədər çox azarkeş gəlməsini istəyirik. Azarkeşlərimiz komandaya dəstək olsunlar. Avropanın ən güclü komandaları hazırda Bakıdadır. Bizim üçün turnirdəki ilk oyun çox vacibdir. Amma çempionatda bundan əlavə ən azı daha 2 görüşümüz olacaq. Millimizə sona qədər dəstək olmaq lazımdır. Biz komandamıza inanırıq. Əsas odur ki, idmanı sevənlər də inanıb, futbolçularımızı tək buraxmasınlar. Sabah bizə 12-ci oyunçu lazımdır. Bu halda komandamız daha cəsarətli oyun göstərəcək.

- Bakıda UEFA-nın aşağı yaş qrupları üzrə turnirlərində rekord qeydə alına bilərmi?

- Rekordun qeydə alınması bizdən asılıdır. Sabah tarix yaza bilərik. Bunun üçün azarkeş sayı 33 mini keçməlidir.

- Sabahkı görüş üçün nə qədər bilet satılıb?

- Son məlumata görə, satılan biletlərin sayı 30 mini keçib. Ümid edirəm ki, sabah birgə tarix yazacağıq. Azarkeşlərin komandamıza dəstək verəcəyinə inanırıq.

- UEFA-dan məsul şəxslərin sabahkı açılışda iştirakı gözlənilirmi?

- UEFA-da yarışların rəhbəri postunu tutan Corcio Marektti açılışda olacaq. O, Çempionlar Liqasının son püşkatma mərasimini də təşkil edib. Bu gün C.Marketti Bakıya səfər edəcək.

- Bu günlərdə UEFA-nın tədbirində iştirak etdiniz. Budapeştdə baş tutan görüşdə əsasən hansı məsələlər müzakirə olundu?

- Kosova UEFA-ya üzv seçildi. Bəzi ölkələr buna mənfi reaksiya göstərdilər. Yekunda səslərin sayı 28-in 24-ə oldu.

- Azərbaycan səsvermədə yəqin ki, Kosovanın əleyhinə səs verdi...

- Bəli, biz buna qarşı çıxdıq.

Azərbaycan Kosovanı müstəqil ölkə kimi tanımır. Gələcəkdə bu ölkə yığmamıza rəqib olacağı halda, hansı addımlar atılacaq?

- UEFA hələlik Kosovanın statusu ilə bağlı qərar qəbul etməyib. Bununla bağlı Budapeştdə müzakirə aparılmadı. Növbəti iclasda bu məsələ müzakirəyə çıxarılacaq.

- UEFA-nın prezident seçkisi ilə bağlı hansısa müzakirə oldu?

- Yox, bununla bağlı heç bir müzakirə olmadı. Çünki Mişel Platini lə bağlı yekun qərar bu günlərdə qəbul olunacaq.

- Futzal millimizin baş məşqçi vəzifəsinə axtarışlar nə yerdədir?

- Hazırda 2 əcnəbi məşqçi ilə danışıqlar aparırıq. Onların adlarını hələlik açıqlaya bilmərəm.

Son xəbərlər

Orphus sistemi