Elxan Məmmədov: "Əsas məqsəd AVRO-2020-yə vəsiqə qazanmaqdır" - MÜSAHİBƏ

Elxan Məmmədov: "Əsas məqsəd AVRO-2020-yə vəsiqə qazanmaqdır" - MÜSAHİBƏ "Prosineçki bizə "Bursaspor"la bağlı heç nə deməyib, heç bir müzakirə aparmamışıq"
Futbol
10 İyun , 2017 23:36
Elxan Məmmədov: Əsas məqsəd AVRO-2020-yə vəsiqə qazanmaqdır - MÜSAHİBƏ
Report

Bakı. 10 iyun. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan və Şimali İrlandiya yığmaları arasındakı 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandırıb. "Report"un məlumatına görə, baş katib əvvəlcə oyunu dəyərləndirib...

- İlk növbədə, azarkeşlərə çox sağ olun demək istəyirəm. 90 dəqiqə ərzində komandamıza dəstək oldular. Millimiz çox gözəl oyun nümayiş etdirdi, mübarizə, söz verdiyimiz oyunu göstərə bildi. Təəssüf ki, qalib gələ bilmədik və sonda rəqib elə bir qol vurdu ki, bundan sonra bilmirsən, futbolu sevəsən, yoxsa sevməyəsən. Ona görə futbol belə bir oyundur ki, 90 dəqiqə oynayırsan, 90+2-ci dəqiqədə qol buraxırsan. Baxmayaraq ki, 90 dəqiqə ərzində daha üstün idik, bir neçə qol şansı yaratmışdıq. Təəssüf ki, vura bilmədik.

- Bundan sonra Azərbaycan yığmasının ikinci yeri tutma şansı qalır?

- Təbii ki, nəzəri cəhətdən şans var. Amma real götürsək, artıq 4 oyunumuz qalıb. Buna əsasən deyə bilərik ki, şansımız azalıb.

- Ola bilərmi ki, milli komanda artıq indidən 2020-ci il Avropa çempionatının hazırlıqlarına başlasın?

- Yaxşı sualdır. Əslində cari seçmə tsikl başlayanda "Niyə də yox?!" şüarını elə-belə müəyyənləşdirmədik. Əsas məqsəd AVRO-2020-yə vəsiqə qazanmaqdır.

- Bu oyundan sonra Robert Prosineçki millidə qalacaq, yoxsa Türkiyə "Bursaspor"una rəhbərlik edəcək?

- Bununla bağlı heç bir müzakirə olmayıb. Dəfələrlə həm biz, həm də Prosineçkinin özü qeyd etmişik ki, baş məşqçimizin müqaviləsi var. Məncə, bu məsələyə qayıtmaq məqsədəuyğun olmaz. Çünki Prosineçki bizə heç nə deməyib, heç bir müzakirə aparmamışıq. Türkiyə mətbuatı onunla danışıqların aparıldığını yazsa da, sonda bunun yalan məlumat olduğu üzə çıxdı. "Bursaspor" rəhbərliyi heç vaxt AFFA rəhbərliyi ilə bu məsələyə dair danışıqlar aparmayıb. Biz heç onları tanımırıq, telefonla da danışmamışıq.

- Renat Dadaşov böyük ümidlərlə Azərbaycan yığmasına cəlb olunsa da, hələ debüt etməyib...

- Oyunöncəsi mətbuat konfransında Prosineçkiyə bu barədə sual verdilər. Baş məşqçimiz dedi ki, Dadaşov istedadlı futbolçudur, məşqlərini edir. Lakin hələ vaxtı yetişməyib və gələcəkdə milliyə köməklik göstərəcək. Gəlin, səbirli olaq, gözləyək. Yəqin ki, baş məşqçinin öz planları var və öz işini planauyğun təşkil edir.

- Rövnəq Abdullayev oyunu izləyirdi. Komanda ilə oyundan sonra görüşdümü?

- Xeyr, qonaqları var idi. Onları yola salırdı. Komanda ilə mən görüşdüm və Rövnəq müəllimin adından onlara təşəkkürümü bildirdim. Doğrudan da mübariz, gözəl oyun sərgilədilər. Son saniyələrdə belə bir qol buraxdığımız üçün biz də, komanda da üzgünük.

- Sizcə, oyunun ədalətli nəticəsi nə idi?

- Heç-heçə bitsəydi, deyərdik ki, bu oyunu udmalı idik. Amma bu hesabdan sonra heç-heçə yaxşı nəticə ola bilərdi. 

Son xəbərlər

Orphus sistemi