Yuxarı

​Elxan Məmmədov: "Erməni futbolçu Azərbaycana Rusiya vətəndaşı kimi gələcək"

Onun burada xoşagəlməz hadisə yaşamaması üçün müvafiq qurum və təşkilatlara məlumat vermişik

Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün AFFA-nın Klublar Komitəsinin iclası keçirilib. “Report”un məlumatına görə, federasiyanın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb.

- İclasda hansı mövzular müzakirə olundu?

- Ramin Musayev: Futbolun inkişafı ilə bağlı olan bütün məsələlərin müzakirəsi oldu. Qərar qəbul etmədik, bu tövsiyə xarakterli iclas idi.

- Elxan Məmmədov: Tövsiyə xarakterli idi. Sonra isə İcraiyyə Komitəsinə müraciət edəcəklər.

- Mətbuatda belə xəbərlər var ki, milli komandamız "Şaxtyor"un əsas deyil, əvəzedici heyəti ilə yoldaşlıq oyunu keçirəcək...

E.M. Artıq "Şaxtyor"dan təsdiq almışıq. Hazırda heyətlə bağlı məlumatımız yoxdur. Söhbət əsas komandadan gedir. Ancaq bu bizim üçün məşq oyunudur. Əvvəllər də klublarla yoldaşlıq oyunu olub. Meydana da məşq formasında çıxılacaq, çünki bu rəsmi oyun deyil.

- Bu yaxınlarda "Bakı"nın futbolçuları ilə görüşəndə onlara həftə ərzində maliyyə probleminin aradan qaldırlacağını, yəni 2 ayın maaşının ödəniləcəyini demisiniz...

- E.M. Konkret söhbət belə oldu ki, maliyyə problemlərindən xəbərimiz var və yaxın zamanda bu məsələ hissə-hissə həll olunacaq.

- Yəni maya qədər AFFA "Bakı"nın futbolçularına maaşları ödəyəcək. Amma geri almaq şərti ilə...

- E.M. Çempionatda iştirak üçün lisenziyalaşdırmaya uyğun olaraq hər bir klub banka zəmanət verir. Biz də həmin zəmanətdən istifadə edirik. Biz də banklara müraciət edərək həmin zəmanəti aktivləşdirdik. O vəsait AFFA-nın balansına oturan kimi hissə-hissə futbolçuların maaşları ödəniləcək.

- Ramin Şeydayevin yenidən milliyə dəvət olunması ilə bağlı xəbərlər yayılıb...

- E.M. Xeyr, bunu sizdən eşidirəm.

- "Bakı" - "Sumqayıt" oyunundan sonra xəbərlər yayıldı ki, Orxan Əliyevin əsas heyətdə oynamasına AFFA tapşırıq verib.

- E.M. Xeyr, heç kim bu cür tapşırıq vermir. Yanlış məlumatdır.

- Amma oyunçu özü etiraf edib...

- Futbolçu oynamayıbsa, bu, birbaşa baş məşqçidən soruşulmalıdır. Ya məndən, ya Prosineçkidən bunu soruşmaq düzgün deyil. Bu gülməlidir. Kim tapşırıq verə bilər ki?

- R.M. Əgər futbolçu hazır olmasa, onu baş məşqçi buraxa bilər? "Sumqayıt"ın hədəfləri var.

- E.M. Hər bir insan həyatda qalib gəlmək istəyir. İkincisi də bu idmançıdır.

- Məsələyə Azərbaycan futbolu reallığı ilə baxmaq lazımdır...

R.M. Nə olub ki? Mən 11 ildi futboldayam, görməmişəm ki, kimsə baş məşqçiyə göstəriş versin ki, hansısa futbolçunu oynat. Söhbət peşəkarlıqdan gedir. Əgər belə olsaydı, mən elə öz oğlumu oynadardım.

- E.M. Özünə hörmət edən məşqçi heç vaxt belə şey eləməz. Əgər Aqil Məmmədova tapşırıq gəlsə, ərizəsini yazıb gedər.

- R.M. Aqil Məmmədov mənim oyunçum olub. Bir insan kimi, məşqçi kimi sözünü demiş biridir. Ona kənarda söz demək ona qarşı hörmətsizlik olar. Əgər belə olsa, o, qələmini qoyub gedər. Bu, nə Elxan müəllimə, nə də başqasına yox, birbaşa işləyən məşqçiyə təhqirdir. Gəlin onlara dayaq olaq. Bu sözlər ona pis təsir edir.

- Nikolay Adam Hindistanın təklifini qəbul edib. AFFA bildirib ki, 19 yaşlılardan ibarət milli komandaların elit-raund yarışında final mərhələsinə adlaya bilməsə, onunla yollar ayrılacaq. Bu, bir az mümkünsüz kimi görünür. Bu səbəbdən özünüzə indidən baş məşqçi namizədi axtarırsınız?

- E.M. Komanda oynayıb turniri başa vurmalıdır, sonra danışmalıyıq. Final mərhələsinə adlayacağı təqdirdə onunla yollar davam etdiriləcək. Təbii ki, çətin məqsəddir. Qrup çox güclüdür. Elit-raund qurtarandan sonra danışacağıq.

- Azərbaycana gələcək Rusiya millisinin heyətində erməni futbolçu da var. Bu məsələ necə olacaq..

- E.M. Bizə siyahı göndərildi və araşdırdıq. Müəyyənləşdirildi ki, o, Rusiya vətəndaşıdır. Hesab edirəm ki, Azərbaycana gəldiyində bir problem olmayacaq. Sadəcə, onun əsli ermənidir. Onun burada xoşagəlməz hadisə yaşamaması üçün müvafiq qurum və təşkilatlara məlumat vermişik. O, Azərbaycana Rusiya vətəndaşı kimi daxil olacaq.

- Qara Qarayev "Malaqa"ya yollansa da, bu haqda heç bir məlumat verilmir...

- E.M. Bu gün məsələ ilə bağlı məlumat aldım. "Malaqa"nın Qara ilə müqavilə bağlamaq istəyi böyükdür. Lakin bir məsələ var. Avropa İttifaqının ərazisinə daxil olmayan ölkənin 18 yaşı olmayan futbolçusunu transfer etmək mümkün deyil. Biz hüquqşünaslara müraciət etmişik. Onlar məsələnin çıxış yolunu axtarır. Artıq bir neçə çıxış yolu var. İspaniyada hansısa bir yerli ailə onu öhdəliyə götürsə, keçid baş tuta bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi