Yuxarı

Elxan Məmmədov: "Bizə növbəti illərdə vacib oyunları idarə edəcək hakimlərin yetişdirilməsi vacibdir"

Elxan Məmmədov: "Bizə növbəti illərdə vacib oyunları idarə edəcək hakimlərin yetişdirilməsi vacibdir"
© Report/ Firi Salim

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Bu müzakirə çoxdan gedirdi. İcraiyyə Komitəsinin iclasında qərar rəsmiləşdi. Komitəyə avstriyalı sədr təyin olundu və onunla 3 illik müqavilə bağlanıldı".

"Report" xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra təşkil olunan brifinqdə deyib.

Baş katib Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxliki çox təcrübəli mütəxəssis kimi dəyərləndirib: "Stuxlik uzun müddət FİFA və UEFA Hakimlər Komitəsində çalışıb". 

Elxan Məmmədov hakimliklə bağlı yeni strategiyanın tətbiq olunduğunu sözlərinə əlavə edib: "Bu məsələ FİFA və UEFA ilə məsləhətləşdirilib. Stuxlik iclasda öz strategiyasını təqdim etdi. Bizim üçün gələcəkdə daha yaxşı hakimlərin olması vacibdir. Çünki bizim dünyaca məşhur hakimlərimiz olub. 1966-cı il dünya çempionatında Tofiq Bəhramov vacib və doğru qərar qəbul edib. Bizə növbəti illərdə vacib oyunları idarə edəcək hakimlərin yetişdirilməsi vacibdir. Bu məqsədlə master-klasslar ola bilər. Bizə lazımdır ki, hakimlərimiz gələcəkdə böyük yarışlarda Azərbaycanı təmsil etsinlər. AFFA konvensiya üzvüdür. Əliyar Ağayev neçə ildir birinci kateqoriyaya yüksəlsə də, digərləri üçüncü kateqoriyalıdır. İstərdik ki, daha yüksək səviyyəli hakimlərimiz çox olsun".

Baş katib komitə üzvlərinin hələlik müəyyənləşmədiyini bildirib: "Növbəti iki həftə ərzində namizədlərlə görüşlər keçiriləcək və İcraiyyə Komitəsinin qarşıdakı iclasında üzvlər təsdiqlənəcək". 

Baş katib əvvəlki komitə sədrlərinə minnətdarlıq edib. "Onlar da çox iş görüblər. Çalışacağıq ki, gələcəkdə keçmiş sədrlər də cəlb olunsunlar. Amma yeni komitə tam müstəqil fəaliyyət göstərəcək". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi