Yuxarı
    Bağlamaq

    Elxan Abdullayev: "Səhvimi burda açıqlaya bilmərəm"

    Neftçi”nin baş məşqçisi oyunsonrası jurnalistlərin suallarını cavablandırıb

    Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XXI turunda evdə "Zirə”yə uduzan (1:2) "Neftçi”nin baş məşqçisi Elxan Abdullayev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    "Report"un məlumatına görə, E. Abdullayev öncə oyunla bağlı fikirlərini bildirib:

    - Bu oyun çox vacib və önəmli idi. Ancaq təəssüf ki, uduzduq. "Zirə” bizim üçün narahat rəqibdir. Artq 3-cü ildir ki, bu komandaya çempionatda qalib gələ bilmirik. Bəlkə bunun da futbolçulara təsiri var. 1:0 hesabda irəli idik, üstünlük də bizdə idi. Ancaq məğlub olduq.

    - Sizcə, məğlubiyyətdə Vaylon nə dərəcədə rol oynadı?

    - Hər şeyi qapıçının üstünə atmaq olmaz. Bütün komanda məğlub olub. Bu oyunda "qalib heyəti dəyişməzlər” prinsipi ilə yenə Vayloya şans verdim. Məqsəd İsayevin yerinə Kamal Qurbanova şans verməyimə səbəb də, Məqsədin gözündə problem olması idi. Düzdür, Vaylonun səhvləri var idi. Ancaq bütün oyunçularda səhv olur.

    - "Neftçi” qış fasiləsində bir çox transferlər etsə də, qışda bu cəhətdən fərqlənməyən "Zirə”yə məğlub oldu.

    - Dediyim kimi, bunu ancaq sindromla əlaqələndirmək olar. Üstünlük bizdə olsa da, 5 dəqiqəyə 2 qol vurdu. Bəlkə də, neçə dəfə 30 metrdən zərbə vursa qol olmazdı. Ancaq belə alındı.

    - Artıq "Zirə”ylə aranızda 9 xallıq fərq var. Demək olar ki, bundan sonra ancaq kuboka köklənəcəksiniz?

    - Düzdür, 9 xallıq fərq var. Ancaq hələ heç nə bitməyib.

    - Komandanın "feyr-pley” qaydalarına riayət etməməsi barədə nə deyə bilərsiniz?

    - Əsas futbolçuların sağlamlığıdır. Bu, istənilən 3 xalda önəmlidir. Mən buna riayət etməyən futbolçuya nə deyə bilərəm? Ancaq bəlkə də, görməyib.

    - Qış fasiləsindən sonra ən böyük səhviniz olaraq nəyi görürsünüz?

    - Hamıda səhv olur. Ancaq səhvimi burda açıqlaya bilmərəm.

    - Oyundan sonra Ayxan Abbasovla nəyisə uzun-uzadı müzakirə etdiz.

    - Sadəcə, təbrik etdim. Bir də oyunun sonlarında yerdə uzanıb qalan futbolçunun vəziyyətini soruşdum.

    - Bu, "Zirə”nin vaxtı uzatmasıyla bağlı atmaca idi?

    - Yox (gülür) belə deyildi. Belə olsa da, bu, futboldur. Sən məğlub vəziyyətə düşüb rəqibə bu cür hərəkətlər etməyə imkan verməməlisən. Rəqib də qalib gəlmək istəyir. Buna görə, onları başa düşmək olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi