Elxan Abdullayev: “Qarabağ”ı keçmək şansımız hələ qalır"

Elxan Abdullayev: “Qarabağ”ı keçmək şansımız hələ qalır" “Neftçi”yə ürək-dirək vermək lazımdır”
Futbol
30 Mart , 2017 22:56
Elxan Abdullayev: “Qarabağ”ı keçmək şansımız hələ qalır

Bakı. 30 mart. REPORT.AZ/ “Neftçi” komandasının baş məşqçisi Elxan Abdullayev Azərbaycan Kubokunun ilk yarımfinal matçında evdə “Qarabağ”a 0:2 hesabı ilə uduzduqdan sonra mətbuat konfransına qatılıb.

“Report”un məlumatına görə, 47 yaşlı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün “Neftçi” üçün önəmli gün idi. Veteran futbolçularımız komandaya dəstək oldu. Təəssüf ki, onları sevindirə bilmədik. “Neftçi” zəif çıxış etdi. Bunun səbəbləri var. Çalışacağıq ki, cavab matçına daha yaxşı hazırlaşaq və azarkeşlərimizi sevindirək.

Bu gün qeydə alınan nəticəyə səbəb kimi millinin düşərgəsində olmağınızı göstərmək olarmı?

- Mənim eyni anda millidə və “Neftçi”də işləməyimin heç bir problemi yoxdur. Dediyim kimi, məğlubiyyətin səbəblər var. Səbəblər hazırlıqda deyil, başqadır. Millinin Qətərlə oyunundan sonra “Neftçi” “Qəbələ” və “İnter”ə qalib gəlib. Yəni yığma amilini səbəb kimi göstərmək düzgün deyil. Cavid İmamverdiyevi axırıncı dəfə 1 ay qabaq meydanda görmüşdük. Georgi Navalovski 80 dəqiqə Gürcüstan yığmasının heyətində oynayıb. Onu bu gün məcburiyyətdən meydana buraxmışdım. Pavel Dreksanı zədəli ola-ola oynatdım. Həkimlər deyir ki, o, 3 həftə sonra oynamalı idi. Bəlkə cavab matçında nəsə edə bilərik.

Hazırkı “Neftçi”ni sizin komandanız adlandırmaq olar. Amma yenə “Neftçi” aciz görünür...

- Mən başqa cür görürəm. Düzdür, “Qarabağ”da bu gün yerli oyunçular çox idi. Amma onlar millinin üzvləri idi. “Neftçi”ni sevməyənlər çoxdur. Komandaya ürək-dirək vermək lazımdır, “baltalamaq” yox. Mən qoymaram ki, “Neftçi”ni sevməyənlər sevinsin.

Oyun baxımından “Neftçi” bu gün yaxşı təsir bağışladı?

- Xeyir. Amma kim deyə bilər ki, biz “Qarabağ”ı yüz faiz keçə bilmərik. Hələ şansımız qalır. Zədəli futbolçularımız çoxdur. Bu səbəbdən komanda tam gücü ilə oynaya bilmir.

Rəhman Hacıyevin ehtiyatda qalmağının səbəbi nə idi?

- Nəyə görə Rəhman əsas heyətdə oynamalıdır? Bu gün meydana sonradan daxil oldu və yaxşı təsir bağışladı. Oyunu xoşuma gəldi.

Qış fasiləsindən əvvəl komanda daha çox ölkə Kubokuna ümidli idi. Amma indi vəziyyət, demək olar ki, əksinə dəyişib...

- Mən “Şərurspor”la qarşılaşanda deyirdim ki, Allah sənə qurban olum, bu komandanı keçək. Yarımfinala çıxacağımızı heç gözləmirdim.

Son xəbərlər

Orphus sistemi