Elxan Abdullayev: "Bəlkə də, baxımlı oyun olmadı, ancaq meydanda mübarizə var idi"

Elxan Abdullayev: "Bəlkə də, baxımlı oyun olmadı, ancaq meydanda mübarizə var idi" "Fasilədən sonra ilk oyunlar həmişə ağır olur"
Futbol
29 Yanvar , 2017 20:13
Elxan Abdullayev: Bəlkə də, baxımlı oyun olmadı, ancaq meydanda mübarizə var idi

Bakı. 29 yanvar. REPORT.AZ/ "Fasilədən sonra ilk oyunlar həmişə ağır olur. Çempionla qarşılaşırdıq. Bəlkə də, elə baxımlı oyun olmadı, ancaq meydanda mübarizə var idi. Mən çox bəyəndim. Azarkeşlərə bu soyuqda bizi dəstəklədiklərinə görə təşəkkür edirəm".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib.

Abdullayev jurnalistlərin digər suallarını da cavablandırıb:

Namiq Ələsgərovun bu gün "18”liyə salınmamasının səbəbi nə idi?

- "Qarabağ”la razılıq əldə olunub ki, cari mövsümdə bu kluba qarşı oyunlarda Namiqi oynatmayaq. Qurban müəllim sağ olsun, onun "Neftçi”yə keçidinə icazə verdi.

Oyundakı mübahisəli epizodlar barədə nə deyə bilərsiniz?

- Bu barədə dəqiq bir söz deyə bilmərəm. İndi isti başla nəsə desəm, birdən səhv olar.

İstədiyiniz "Neftçi”ni qura bilmisiniz?

- Hazırda ən böyük problemimiz hücumla bağlıdı. Yeni hücumçu komandaya qoşulduqdan sonra başqa cür ola bilər.

Kamal Qurbanovla bağlı nə deyə bilərsiniz?

- Kamal perspektivli oyunçudur. Onu Antalyaya aparmadım ki, bəlkə burda komanda tapdı. Onu icarəyə vermək istəyirdik. Ancaq klub tapa bilmədi. O, bizim oyunçumuzdur.

Fasilədə komandanın üzvləri isinmə hərəkətləri etmədi...

- Buna ehtiyac görmədim. Hava soyuq idi. Özüm hamını paltardəyişmə otağına çağırdım. İkinci hissə başlayandan sonra isə ehtiyat oyunçular isinmə hərəkətləri etdilər.

Qarşıda daha iki güclü komanda ilə qarşılaşacaqsınız. Bu komandalarla oyunlara psixoloji cəhətdən hazırsızmı?

- Onsuz da, bu komandalarla qarşılaşmalıyıq. Gec, ya da tez. Bu, elə də önəmli deyil.

Yeni hücumçunuz Hüqo Barqasla bağlı nə deyə bilərsiniz?

- Peşəkar və istedadlı oyunçudur. Yaxşı klublarda çıxış edib. 30 yaşı olması, əksinə, təcrübə baxımından yaxşıdır. İnanıram ki, o, komandaya kömək edəcək.

Son xəbərlər

Orphus sistemi