Elmir Vəliyev: "Bu, Gəncənin futbol şəhəri olmasının göstəricisidir"

Elmir Vəliyev: "Bu, Gəncənin futbol şəhəri olmasının göstəricisidir" "Kəpəz"in aşağı dəstədə çıxış etməsi azarkeşləri bir qədər küsdürmüşdü"
Futbol
20 Oktyabr , 2015 14:14
Elmir Vəliyev: Bu, Gəncənin futbol şəhəri olmasının göstəricisidir

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Kəpəz" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının (MŞ) və “Avropa Gənclər Paytaxtı - 2016” İctimai Birliyinin sədri Elmir Vəliyev klubun mətbuat xidmətinə müsahibə verib. "Report"un məlumatına görə, E.Vəliyev mayın 27-də yaradılmış şuranın arxada qalan müddətdə qarşısına qoyduğu vəzifələrin bir qismini həyata keçirdiyini bildirib.

O deyib ki, MŞ-nin ilk işi komandanın ev oyunlarını Gəncə şəhər stadionunda keçirməsinə nail olmaqdan ibarət olub: "Çünki “Kəpəz” Premyer Liqada oynamaq üçün lisenziya şərtlərini yerinə yetirən zaman ev oyunlarını bir müddət Bakıdakı “Dalğa Arena”da keçirəcəyini bildirmişdi. Həmin vaxt doğrudan da ev oyunlarını Gəncədə keçirmək çox çətin olacaqdı. Buna görə “Dalğa Arena” seçilmişdi. Ancaq biz ilk iclasdaca bu məsələni müzakirəyə çıxardıq. Bilirdik ki, buna nail olmaq üçün ciddi işlər görülməli və müəyyən vaxtda ehtiyac var idi. Heç nədən çəkinmədik, hamılıqla işə başladıq. Əslində, iclasda müzakirə etdik ki, Gəncə şəhər stadionu oyunlara qədər hazır vəziyyətə gətirilməsə, onda Yevlax şəhər stadionunda oynayaq. Çünki Yevlax Gəncəyə daha yaxındır və belədə azarkeşlərimiz rahatlıqla oyunlarımızı izləməyə gələ biləcəkdi. “Dalğa Arena”nı son varinat kimi seçdik. Qısa vaxtda görülən işlərdən sonra Peşəkar Futbol Liqasının mütəxəssisləri stadiona baxış keçirdilər və mübət rəy verdilər".

E.Vəliyevin sözlərinə görə, stadion probleminin həllindən sonra oyunlara çoxsaylı azarkeş toplamaqla bağlı təbliğat işinə başlanılıb: "Gəncənin futbol veteranları, azarkeş qrupları, fanklublarla şuranın üzvləri mütəmadi görüşlər keçirdi. Apardığımız təbliğatın nəticəsi olaraq ev oyunlarımıza çoxsaylı azarkeşlər təşrif buyurdular. Hətta elə ilk ev oyunda azarkeş sayına görə, ölkə çempionatının son 4 illik rekordunu yenilədik. Hələ ki, azarkeş sayında Premyer Liqa klubları arasında ön sırada yer alırıq. Səfər oyunları zamanı da azarkeşlərimizin komandamızı dəstəkləməsinə şərait yaradırıq. Fürsətdən istifadə edib, oyunlarımızda komandamızı daim dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Bu, Gəncənin futbol şəhəri olmasının göstəricisidir".

Azarkeşlərdən danışarkən, klub rəhbəri Gəncədə küskün azarkeşləri tribunalara qaytarmağa nail olduqlarını vurğulayıb: "Azarkeşlərimiz indiyə qədər bütün rəqib komandalara hörmətlə yanaşıblar, hansısa xoşagəlməz hərəkətə yol verməyiblər. Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qarabağ” Londondan birbaşa Gəncəyə dönən zaman komandanı “Kəpəz”in azarkeşləri, fan-klubları qarşıladı. Hətta oyunun gedişində azarkeşlərimiz dəfələrlə “Qarabağ”a avrokubok matçlarında uğurlar arzuladı. Gəncə daim Azərbaycanın futbol mərkəzlərindən biri olub. Son illər klubun aşağı dəstədə çıxış etməsi azarkeşləri bir qədər küsdürmüşdü. Təbii ki, bu müvəqqəti proses idi. Apardığımız işlərin nəticəsidir ki, onları geri qaytarmağı bacardıq. İctimaiyyətlə indi də keçirdiyimiz görüşlərdə futbola böyük marağın olduğunu görürük. Bunun bariz nümunəsi isə tribunalara toplaşanların sayında əksini tapır. Biz təbliğat işlərini davam etdiririk. MŞ-də ziyalı insanlar təmsil olunur. Hər birimiz işimizin nədən ibarət olduğunu və onun həlli yollarını yaxşı bilirik. MŞ-nın fəaliyyətinin məni qane etdiyini deyə bilərəm. Görülən işlərin bəhrəsini yaxın gələcəkdə görəcəyik".

Gəncə şəhər stadionunda gördükləri işlərdən də danışan MŞ sədri bildirib ki, uzun illər təmir aparılmayan arenanın vəziyyəti ilə tanışlıqdan sonra hansı işlərin görüləcəyi dəqiqləşib: "Stadionun ərazisində AFFA tərəfindən bir neçə il əvvəl salınmış kiçik ölçülü süni meydança tam yararsız vəziyyətə düşmüşdü. Orada futbol oynamaq mümkün deyildi. AFFA və Gəncə şəhər İcra Hakimiyyətinin birgə fəaliyyəti sayəsində meydança yenidən quruldu və uşaqların ixtiyarına verildi. Bundan başqa, əsas meydançanın ot örtüyünün yaxşı vəziyyətə gətirilməsi üçün işlər görüldü. Eyni zamanda yeni oturacaqların quraşdırılmasına başlanılıb. Artıq tribunaların bir hissəsi oturacaqlarla təmin edilib. AFFA ilə birgə həyata keçirdiyimiz bu işi sona qədər davam etdirəcəyik. Stadiondakı tunelin təmiri istiqamətində də müəyyən işlər görülüb, futbolçuların ixtiyarına verilib".

Daha sonra E.Vəliyev Azərbaycan Premyer Liqasının ilk 8 turunda “Kəpəz”in çıxışını dəyərləndirib. O bildirib ki, iyulun əvvəlində məşqlərə və heyətini formalaşdırmağa başlamasına baxmayaraq, Gəncə komandası oyunu ilə göz oxşayır. MŞ sədrinin fikrincə, “Kəpəz” iddialı komandaların da hesablaşmalı olduğu rəqibə çevrilib: "Mövsümə “Neftçi” ilə oyunla start verdik. Komanda gözlənildiyindən də yaxşı oyun nümayiş etdirdi. “Qarabağ”a, “Qəbələ”yə, “İnter”ə məğlub olsaq da, sona qədər mübarizə apardıq, qol epizodları yaratdıq. Çünki Şahin Diniyev mübariz, əzmkar komanda formlaşdırıb. Dəvət etdiyimiz legionerlər də oyunları ilə seçimimizin düzgün olduğunu sübut edirlər. Görülən işlər düzgün yolda olduğumuzu göstərir. Komandamız iyulun 1-dən məşqlərə başlamasına və formalaşma prosesi davam etməsinə baxmayaraq, artıq yığma komandalarda təmsilçilərimiz var. Tərlan Quliyev əsas milliyə, Azad Kərimovla Budaq Nəsirov U-21-ə dəvət edilir. Əli Səmədov isə U-19 yığmamızın düşərgəsindədir. Bu istiqamətdə daha yaxşı göstəricilərə sahib olmaq üçün də işlər görülür".

Uşaq futboluna göstərilən diqqətə gəldikdə, "Kəpəz" rəsmisi bu sahəni inkişaf etdirməyin də MŞ-nın prioritet məsələlərindən biri sayıb. E.Vəliyev klubun uzun fasilədən sonra U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17, U-19 komandalarını və onlar üçün məşq şəraiti yaratdıqlarını bildirib: "Uzun illər ərzində Gəncədə sadaladığım komandalar olmayıb. Ona görə də qısa vaxtda onları yaratmaq, formalaşdırmaq, yarışa buraxmaq asan deyildi, amma öhdəsindən gələ bildik. Bir məsələni də qeyd edim ki, yeni komandalar yaratdıqca yerli mütəxəssislərdən faydalandıq. Ümumiyyətlə, “Kəpəz” klubunda çalışanlardan 1-2 nəfər istisna olmaqla qalanları Gəncədən olan müətəxəssislərdi. Kənardan dəvət etdiyimiz mütəxəssis biri Şahin Diniyevdir. Onu da kənar hesab etmək olmaz. Çünki Şahin müəllim futbolçu kimi bu klubda çıxış edib, daha sonra baş məşqçi kimi çalışıb. Bu, onun “Kəpəz”ə baş məşqçi kimi ikinci dönüşüdür. Yerli mütəxəssislərə güvənməklə onların həm təcrübə qazanmasına, həm də işlə təmin olunmasına çalışmışıq. Məşqçilərin futbol təhsilini artırması üçün də işlər görürük. AFFA rəhbərliyinə müraciət etmişik və məşqçilərimiz müvafiq lisenziya kurslarına qatılırlar. U-15-dən tutmuş U-19-a qədər yaş qrupundan ibarət komandalarımız ev oyunlarını hələlik Yevlax şəhər stadionunda keçirirlər. Eyni zamanda Gəncə şəhər stadionunun yardımçı meydançasında görülən işlər sayəsində orada komandalara məşq etmək üçün şərait yaradılır. Samuxdakı meydança da klub tərəfindən təmir edilir. Əvəzedicilərimiz məşqlərini əksər vaxtlarda həmin meydançada keçirir. Aşağıyaşlı liqaların oyunlarının da burada keçirilməsi nəzərdə tutulub. Əsas komandamız hələlik Yevlax şəhər stadionunda məskunlaşıb. Komandanın hazırlıq keçməsi üçün meydançalar təmir edilib, yararlı vəziyyətə gətirilib. Əsas komanda qısamüddətli toplanışlarını da burada keçirir".

Son xəbərlər

Orphus sistemi