Yuxarı

Azərbaycanlı hakimlər tarixdə ilk dəfə Avropa Liqasının qrup mərhələsinin oyununu idarə edib - VİDEO

Əliyar Ağayev Rapid - Dinamo matçının baş hakimi olub

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycanın FİFA referisi Əliyar Ağayev ölkə futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinin oyununu idarə edib. "Report"un məlumatına görə, Ağayev Avstriyanın paytaxtı Vyanada "Rapid" və Belarusun "Dinamo" (Minsk komandaları arasında keçirilmiş oyunun baş hakimi olub.

Ernst Happel stadionunda ona yan xətt hakimi qismində Zeynal Zeynalov və Rza Məmmədov kömək edib. Rəhim Həsənov və Orxan Məmmədov əlavə köməkçi hakim, Mübariz Haşımov isə dördüncü hakim funksiyasını yerinə yetirib.

Oyun ərzində azərbaycanlı referi önəmli epizodlarda düzgün qərarları ilə diqqət çəkib. O, Minsk təmsilçisinin qapısına penalti təyin etsə də, "Rapid" bundan yararlana bilməyib. Yan xətt hakimləri isə matçda oyundankənar vəziyyətlərin olub-olmadığını dəqiq qiymətləndiriblər.

Qeyd edək ki, görüş "Rapid"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.  Bu qələbə sayəsində Avstriya təmsilçisi qrup lideri kimi mərhələ adlayıb. Minsk "Dinamo"su  ilə E qrupunda sonuncu olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi