Əbülfəs Qarayev: "Ümid edirəm ki, "Qarabağ" Çempionlar Liqasının qrupuna düşməyi bacaracaq"

Əbülfəs Qarayev: "Ümid edirəm ki, "Qarabağ" Çempionlar Liqasının qrupuna düşməyi bacaracaq" "Azərbaycandan olan futbolçuların öz oyunları ilə dünyaya səs salmalarını istəyirik"
Futbol
18 İyul , 2017 23:09
Əbülfəs Qarayev: Ümid edirəm ki, Qarabağ Çempionlar Liqasının qrupuna düşməyi bacaracaq
Foto: Report.az

Bakı. 18 iyul. REPORT.AZ/ “Ezamiyyətlə bağlı Gürcüstana gəlmişəm. Tbilisidə oyun olduğunu bildikdən sonra bu matçı qaçırmamaq qərarına gəldim".

"Report"un Tbilisiyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu "Qarabağ" komandasının Çempionlar Liqasının II təsnifat mərhələsində "Samtredia" ilə cavab oyununu tribunadan izləyən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev azərbaycanlı jurnalistlərlə söhbət zamanı deyib.

Nazir bildirib ki, Bakıda "Qarabağ"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşan ilk matça da baxıb:

“Qarabağ”ın böyükhesablı qələbəsindən sonra sevincimizin həddi-hüdudu yox idi. “Qarabağ” həmin görüşdə yüksək səviyyəli komanda olduğunu sübut etdi. Hazırda izlədiyim oyundan da ləzzət alıram, baxımlı hücumlar qurulur. Ümid edirəm ki, ilk dəfə Çempionlar Liqasının qrupuna düşməyi bacaracağıq. Bundan sonra müasir Azərbaycan futbolunun tarixində yeni səhifə açılacaq. Futbol Azərbaycanda sevilən oyundu, dövlət tərəfindən bu oyuna qayğı göstərilir. Bircə arzum odur ki, komandanın tərkibində azərbaycanlı futbolçuların adına daha çox rast gələk. Azərbaycandan olan futbolçuların öz oyunları ilə dünyaya səs salmalarını istəyirik".

Ə.Qarayev heç bir futbol komandasına azarkeşlik etmədiyini də vurğulayıb:

"Hansısa komandaya azarkeşlik etdiyimi deyə bilmirəm. Xaricdə baş tutan maraqlı oyunları stadiondan izləməyə çalışıram. Həmişə alman futbol məktəbinə üstünlük vermişəm. Hesab edirəm ki, bu, dünyada ən yaxşı futbol məktəblərindən biridir. Keçmişdə idman və turizm naziri olduğumu nəzərə alsaq, Azərbaycan futbolunun inkişaf etməsini istəyirəm. Bundan sonra da komandalarımızın daha yaxşı oyun nümayiş etdirəcəyinə ümid edirəm".

Son xəbərlər

Orphus sistemi