Yuxarı

"Çukariçki"nin yeganə qolunun müəllifi: "Bakıda da "Qəbələ" üzərinə hücum edəcəyik"

Nikola Stoyilkoviç: Gəlin, ilk addımı bu gün ataq

Bakı. 23 iyul. REPORT.AZ/ "Əvvəlki mərhələdə Sloveniya "Domjale"si ilə ilk oyundan sonra da üstün durumda idik. Amma göstərdik ki, "Çukariçki"nin fəlsəfəsi nəticəni qorumaq yox, rəqib üzərinə hücuma keçməkdir. Biz Bakıya futbol oynamağa, "Qəbələ" üzərinə Belqraddakı kimi hücumlar etməyə gəlmişik. Əsas məqsədimiz üstünlüyümüzü təmin etmək və imkanlarımızdan yararlanmaqdır". "Report"un məlumatına görə, bunu Serbiyanın "Çukariçki" klubunun futbolçusu Nikola Stoyilkoviç "Qəbələ" ilə Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşü öncəsi "Sportski jurnal"a müsahibəsində deyib. 

Belqraddakı ilk oyunda penaltidən vurulmuş yeganə qolun müəllifi bildirib ki, cavab görüşündən də üstün ayrılsalar, növbəti mərhələdəki potensial rəqib Kipr "Apollon"lu ilə qarşılaşmada yaxşı nəticə əldə edə bilərlər: "Gəlin, ilk addımı bu gün ataq. O zaman biz kiprlilər barədə də asanlıqla danışa bilərik".

23 yaşlı hücumçu heç bir basqı hiss etmədiklərini vurğulayıb. Klub rəhbərliyi və məşqçilər heyəti ilə yaxşı münasibətlərdə olduqlarını deyən Stoyilkoviç bir-birilərini yaxşı başa düşdüklərini söyləyib: "Pozitiv atmosferin gözəlləşdirilməsinə şadam. Ən əsası, heç bir tərəfdən təzyiq yoxdur. Ola bilsin, bəzi KİV-in hazırda daha çox diqqətindəyik. Amma bu, problem deyil. Böyük nəticəyə imza atsaq, təzyiqin də öhdəsindən gələcəyik".

Gənc futbolçu "Çukariçki"nin iddialı olduğunu və qrup mərhələsinə vəsiqə hədəfinin öhdəsindən gələcəyinə ümidvar olduğunu da əlavə edib. 

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Çukariçki" matçı saat 21:00-da başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi