Yuxarı

"Çukariçki"nin baş məşqçisi: "Biz "Qəbələ"yə oynamaq imkanı vermədik"

Amma şanslar yarıbayarıdır

Bakı. 17 İyul. REPORT.AZ/ Serbiyanın "Çukariçki" komandasının baş məşqçisi Vladan Milojeviç futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ" ilə keçirdikləri ilk oyunu şərh edib. "Report"un məlumatına görə, 45 yaşlı mütəxəssis komandasının oyunundan qürur duyduğunu bildirib.

"Çukariçki"nin sonadək oyuna nəzarət etdiyini vurğulayan V.Milojeviç onlardan tələb olunan aqressiv oyuna və hər top uğrunda mübarizəyə əməl etdiklərini deyib: "Bu oyunda bir çox cəhətdən yaxşı çıxış etdik. Bəlkə bundan artığını da edə bilərdik. Xüsusən, ilk yarıda".

Serbiyalı mütəxəssis "Qəbələ"nin oyununu da dəyərləndirib: "Rəqib ciddi yanaşılası komandadır, amma bu dəfə istənilən oyunu göstərmədi. Çünki buna biz imkan vermədik. Amma sözsüz ki, cavab görüşündə açıq futbol oynayacaq və hücum edəcəklər. Biz isə bu zaman əks-hücumlardan faydalanmalıyıq".

"Çukariçki" 1:0 hesablı qələbə qazansa da, V.Milojeviç "Qəbələ"nin mərhələ şansını yarıbayarı dəyərləndirib. Baş məşqçi bildirib ki, belə oyunlar üçün 100 faiz hazırlıqlı futbolçular olmalıdır: "Biz çempionata başlamışıq, amma kapitanımız İqor Matiç oynamır. O, komandamızın lideridir və cavab görüşündə ona da böyük ümid bəsləyəcəyik. Cavab görüşünün yaxşı keçəcəyinə əminik. İtirilmiş fürsətlərdən təəssüflənirəm, amma gəlin, irəli baxaq".

Qeyd edək ki, "Qəbələ" ilə matçda "Çukariçki"nin yeganə qolunu 54-cü dəqiqədə penaltidən Filip Stoykoviç vurub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi