Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

Çempionlar Liqasında ilk finalçı müəyyənləşir "Bavariya" "Atletiko"dan minimal hesablı məğlubiyyətin əvəzini çıxmalıdır
Futbol
3 May , 2016 08:58
Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

Bakı. 3 may. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk cavab görüşü keçiriləcək. "Report"un məlumatına görə, Almaniyada "Bavariya" İspaniya "Atletiko"sunu qəbul edəcək.

Münhendəki "Alyans Arena"da Bakı vaxtı ilə saat 22:45-də başlanacaq qarşılaşmanı türkiyəli referi Cüneyt Çakır idarə edəcək. Bu komandalar arasında ötən həftə keçirilmiş ilk qarşılaşmada "Atletiko" qalib gəlib - 1:0. Bu səbəbdən, meydan sahibləri ən azı 2 top fərqi ilə qalib gəlməlidir. Qonaqları isə istənilən hesablı heç-heçə də qane edir.

"Bavariya" bu mövsüm Çempionlar Liqasında bütün 5 ev oyununda qalib gəlib və üst-üstə 19 qol vurub. Lakin 1/8 finalda Xosep Qvardiolanın baş məşqçi olduğu komanda İtaliya "Yuventus"u ilə həm ev, həm də səfər oyunlarında qapısından 2 top buraxıb. 1/4 finalda Portuqaliya "Benfika"sı ilə görüşlərdə isə səfərdə 2:2 hesablı heç-heçə edən münhenlilər evdə minimal hesabla qalib gəliblər - 1:0.

"Atletiko" isə 1/8 finalda qolsuz başa çatan hər iki oyunda Hollandiya PSV-sini penaltilər seriyasında üstələyib. 1/4 finalda Dieqo Simeonenin komandası "Barselona"dan 1:2 hesablı səfər məğlubiyyətinin əvəzini evdə artıqlaması ilə çıxıb - 2:0.

"Bavariya" 2013-cü ildə Çempionlar Liqasını qazansa da, sonrakı 2 mövsümdə yarımfinalda məhz İspaniya klubları "Real Madrid" (0:1, 0:4) və "Barselona"ya (0:3, 3:2) uduzub. Hər iki halda Qvardiolanın komandası ilk görüşdəki məğlubiyyətin əvəzini çıxa bilməyib, uduzduğu komandalar isə Çempionlar Liqasının qalibi olub.

Çempionlar Liqası

Yarımfinal, cavab görüşü

22:45. "Bavariya" (Almaniya) - "Atletiko" (İspaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Münhen, "Alyans Arena"

İlk oyun - 0:1.

Qeyd edək ki, digər yarımfinal matçı mayın 4-də İspaniya "Real Madrid"i ilə İngiltərənin "Mançester Siti" komandası arasında (ilk oyun - 0:0) keçiriləcək.    

Son xəbərlər

Orphus sistemi