Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk görüşlərinə yekun vurulub - VİDEO

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk görüşlərinə yekun vurulub - VİDEO Almaniya komandaları uduzub, İspaniya təmsilçiləri qələbə qazanıb
Futbol
13 Aprel , 2017 00:40
Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk görüşlərinə yekun vurulub - VİDEO

Bakı. 13 aprel. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk görüşlərinə yekun vurulub.

"Report"un məlumatına görə, ikinci oyun günündə 3 matç baş tutub. Əvvəlcə ötən gündən təxirə salınmış matçda Almaniyanın "Borussiya" (Dortmund) və Fransanın "Monako" komandaları üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2. "Monako"nun qollarından 2-sini gənc forvard Kilian Mbappe vurub. Bu görüş avtoqol və dəqiq yerinə yetirilməyən penalti ilə də əlamətdar olub.

Almaniyanın digər təmsilçisi "Bavariya" da öz meydanında uduzub. Münhen klubu İspaniya "Real Madrid"i ilə görüşdə qələbəni əldən verib. İlk yarıda önə keçən Karlo Ançelottinin yetirmələri hissənin sonlarında penaltidən yararlana bilməyiblər. Fasilədən sonra isə Kriştianu Ronaldu dubl edib. Ronaldu ikinci qolu "Bavariya" azlıqda olduğu vaxt vurub.

Almanlardan fərqli olaraq, İspaniyanın daha bir təmsilçisi olan "Atletiko" da qələbə qazanıb. Diyeqo Simeonenin baş məşqçi olduğu komanda evdə İngiltərə çempionu "Lester"ə minimal hesabla qalib gəlib. Bununla da madridlilər İspaniyanın "Barselona" klubunun ilk oyun günündə İtaliya "Yuventus"u ilə görüşdə üzləşdiyi uğursuzluğu (0:3) qismən unutdura biliblər.

Qeyd edək ki, cavab görüşləri 18-19 apreldə olacaq.

Çempionlar Liqası, 1/4 final, ilk oyunlar, 12 aprel

20:45 "Borussiya” (Dortmund, Almaniya) – "Monako” (Fransa) - 2:3

Qollar: Usman Dembele, 57. Sindzi Kaqava, 84 - Kilian Mbappe, 20; 79. Sven Bender, 35-öz qapısına

Vurulmayan penalti: Fabinyo, 17 ("Monako")

Baş hakim: Daniele Orsato (İtaliya)

22:45 "Bavariya” (Almaniya) – "Real Madrid” (İspaniya) - 1:2

Qol: Arturo Vidal, 25 - Kriştianu Ronaldu, 47; 77

Qırmızı vərəqə: Xavi Martines, 61 ("Bavariya")

Vurulmayan penalti: Arturo Vidal, 45+2 ("Bavariya")

Baş hakim: Nikola Ritsoli (İtaliya)

22:45 "Atletiko” (İspaniya) – "Lester” (İngiltərə) - 1:0

Qol: Antuan Qrizmann, 27-penalti ilə

Baş hakim: Yunas Eriksson (İsveç)

Son xəbərlər

Orphus sistemi