Yuxarı

Çempionlar Liqasında son 1/8 finalçılar müəyyənləşəcək

Çempionlar Liqasında son 1/8 finalçılar müəyyənləşəcək
Günün mərkəzi görüşü İspaniyada keçiriləcək

Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.

"Report"un məlumatına görə, qrup mərhələsinin son oyun günündə "E", "F", "G" və "H" qruplarında 8 qarşılaşma keçiriləcək.

Artıq "E" qrupunda növbəti mərhələyə yüksələn komandalar məlumdur. Fransanın "Monako" və Almaniyanın "Bayer" klubları müvafiq olaraq 1 və 2-ci pillədə qərarlaşıb. Rusiyanın MOİK klubunun İngiltərədə "Tottenhem" ilə keçirəcəyi matçın nəticəsindən asılı olaraq Avropa Liqasında çıxışını davam etdirəcək komanda məlum olacaq. Qələbə və heç-heçə "Tottenhem"ə sərf edirsə, MOİK avrokuboklarla vidalaşmamaq üçün mütləq səfərdə qələbə qazanmalıdır.

"F" qrupunda isə Almaniyanın "Borussiya" və İspaniyanın "Real Madrid" komandaları qitənin ən nüfuzlu klub turnirində çıxışını davam etdirəcək. Bu gecəki görüşdə yalnız kimin 1 və 2-ci yeri tutması müəyyənləşəcək. Polşada "Legiya" və Portuqaliya "Sportinq"i arasında keçiriləcək matç isə Avropa Liqasında mübarizə aparacaq və avrokuboklarla vidalaşacaq komandanı müəyyən edəcək.

"G" qrupunda lider müəyyənləşsə də, 1/8 finalın digər iştirakçısı bu gün məlum olacaq. İngiltərə "Lester"i ÇL-də yoluna davam edəcək. Portuqaliyada "Portu" ilə keçiriləcək görüşdə meydan sahibləri qələbə qazanarsa, adını növbəti mərhələyə yazdıracaq. "Portu" xal itirəcəyi təqdirdə isə vəziyyəti çətinləşəcək. Qrupun digər oyununda Danimarkanın "Kopenhagen" və Belçikanın "Brügge" komandaları qarşılaşacaq. "Kopenhagen" qələbə qazanarsa və "Portu" xal itirərsə, o zaman danimarkalılar yola davam edən tərəf olacaq.

Digərləri ilə müqayisədə "H" qrupunda vəziyyət daha maraqlıdır. İtaliyanın "Yuventus" klubu evdə Xorvatiya "Dinamo"sunu (Zaqreb) sınağa çəkəcək. Turin təmsilçisi evdə qələbə qazanacağı təqdirdə yoluna qrup lideri olaraq davam edəcək. Fransada isə daha prinsipial qarşılaşma baş tutacaq. "Lion" İspaniya "Sevilya"sı ilə münasibətlərinə aydınlıq gətirəcək. İspaniya klubu səfərdən xalla dönərsə, 1/8 finala yüksələcək. İki və daha artıq hesablı məğlubiyyət isə komandanın Avropa Liqasında çıxışına səbəb olacaq. "Sevilya" qələbə qazanacağı, "Yuventus" isə xal itirəcəyi təqdirdə ispanlar qrup birincisi olacaq.

Çempionlar Liqası, qrup mərhələsi, VI tur

7 dekabr

E qrupu

23:45. "Tottenhem" (İngiltərə) - MOİK (Rusiya)

23:45. "Bayer" (Almaniya) - "Monako" (Fransa)

Xal durumu: "Monako" - 11. "Bayer" - 7. "Tottenhem" - 4. MOİK - 1.

F qrupu

23:45. "Legiya" (Polşa) - "Sportinq" (Portuqaliya)

23:45. "Real Madrid" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)

Xal durumu: "Borussiya" - 13. "Real Madrid" - 11. "Sportinq" - 3. "Legiya" - 1.

G qrupu

23:45. "Portu" (Portuqaliya) - "Lester" (İngiltərə)

23:45. "Brügge" (Belçika) - "Kopenhagen" (Danimarka)

Xal durumu: "Lester" - 13. "Portu" - 8. "Kopenhagen" - 6. "Brügge" - 0.

H qrupu

23:45. "Yuventus" (İtaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:45. "Lion" (Fransa) - "Sevilya" (İspaniya)

Xal durumu: "Yuventus" - 11. "Sevilya" - 10. "Lion" - 7. "Dinamo" - 0.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi